×
A
A
A
Sazlamalar

Azərbaycan millisi beynəlxalq yoldaşlıq oyununda Moldova yığmasını məğlub edib

Bakı, 16 noyabr, AZƏRTAC

Futbol üzrə Azərbaycan milli komandası beynəlxalq yoldaşlıq oyununda qələbə qazanıb.
AZƏRTAC xəbər verir ki, 2024-cü il Avropa çempionatının seçmə mərhələsinə hazırlıq xarakteri daşıyan matçda millimizin rəqibi Moldova yığması olub.
Kişineudakı “Zimbru” stadionunda oynanılan matçda millimizin start heyətində meydana Şahruddin Məhəmmədəliyev, Höccət Haqverdi, Emin Mahmudov, Ramil Şeydayev, Bəxtiyar Həsənəlizadə, Anton Krivotsyuk, Elvin Cəfərquliyev, Riçard Almeyda, Ozan Can Kökçü, Aleksey İsayev və Musa Qurbanlı çıxıblar.
Rəqib komandanın start heyətində Dmitri Çelyadnik. Oleq Ryabçuk, İqor Armaş, Artur Yonitse, Yevgeni Koçuk, Vitali Damașkan, Mixail Kaymakov, Yuri Yovu, Daniel Dumbravanu, Yoan-Kelin Revenko və Vadim Ratse yer alıblar.
Ukraynalı FIFA referisi Denis Şurmanın idarə etdiyi matçda Azərbaycan millisi 2:1 hesabı ilə qalib gəlib. Yığmamızın heyətində 28-ci dəqiqədə Emin Mahmudov, 42-ci dəqiqədə isə Aleksey İsayev fərqləniblər. Rəqib komandanın qolunu Nikita Motspan vurub.
Bu oyunda Azərbaycan millisində debüt gerçəkləşib. Belə ki, Bəxtiyar Həsənalızadə ilk dəfə ölkəmizin əsas komandasında forma geyinib. “Sabah”ın müdafiəçisi yığmamızın tarixinə 260-cı futbolçu kimi düşüb. Bunadək 284 matça çıxan millimizdə 259 futbolçu forma geyinib.
Beynəlxalq yoldaşlıq oyunu millimizin üzvü Aleksey İsayev üçün əlamətdar olub. Yarımmüdafiəçi Azərbaycan millisində qol hesabını açıb. İyirmi yeddi yaşlı futbolçu yığmadakı 10-cu oyununda ilk qolunu vurub. “Sabah”ın futbolçusu yığmamızın tarixinə qol sevinci yaşayan 69-cu oyunçu kimi düşüb.
Matçda hesabı açan Emin Mahmudov Azərbaycan millisi tarixinin bombardirləri sıralamasında bir addım da irəliləyib. Seçməmizin kapitanı Moldova ilə yoldaşlıq görüşündə fərqlənərək buna nail olub. “Neftçi”nin yarımmüdafiəçisi yığmadakı qol sayını 9-a çatdırıb. Bununla Ramil Şeydayev və Dmitri Nazarovu geridə qoyan 30 yaşlı futbolçu millimizin tarixinin ikinci bombardiri Vaqif Cavadova çatıb. İndi E.Mahmudov yalnız Qurban Qurbanovdan geri qalır. Hazırda “Qarabağ”ı çalışdıran Q.Qurbanov əsas komandada 14 qola imza atıb.
Bu, komandalar arasında sayca 12-ci oyun olub. Əvvəlki 11 görüşün 2-də Azərbaycan, 4-də Moldova qələbə qazanıb. Beş matçda isə qalib müəyyənləşməyib.
Qeyd edək ki, Azərbaycan millisi noyabrın 20-də isə Şimali Makedoniyanın qonağı olacaq.

İdman 2022-11-16 23:06:00