×
A
A
A
Sazlamalar

Binəqədi rayonunda binada baş vermiş yanğın zamanı 12 nəfər təxliyə olunub

Bakı, 16 noyabr, AZƏRTAC

Bu gün günorta saatlarında Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 qaynar telefon xəttinə paytaxtın Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının onaltımərtəbəli yaşayış binasının 13-cü mərtəbəsində yerləşən üçotaqlı mənzildə baş verdiyi və genişlənərək daha geniş sahəyə yayılma, o cümlədən digər mənzillərə keçmə riskinin yüksək olduğu və bina sakinlərinin həyatı üçün təhlükə yaratdığı müəyyənləşdirilib.
Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər, o cümlədən xüsusi təyinatlı texnika – avtonərdivanın operativ tətbiqi sayəsində yanğının genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülməsi və bina sakinlərinin təxliyəsi təmin olunub.
Yanğın zamanı FHN-in qüvvələri tərəfindən ikisi uşaq olmaqla 12 nəfər təxliyə olunub. Yanğın baş verən və ümumi sahəsi 90 kvadratmetr olan mənzilin mətbəx-zalının döşəməsi 6 kvadratmetr sahədə, bir pəncərə çərçivəsi və ev əşyaları 27 kvadratmetr sahədə yanıb. Mənzilin qalan hissəsi və qonşu mənzillər yanğından mühafizə olunub.

Hadisə 2022-11-16 19:44:00