×
A
A
A
Sazlamalar

Şirvanda tüfeyli həyat tərzi keçirən və dilənçiliklə məşğul olan şəxslər saxlanılıb

Bakı, 16 noyabr, AZƏRTAC

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları şəhər ərazisində tüfeyli həyat tərzi keçirən və dilənçiliklə məşğul olaraq vətəndaşların haqlı narazılığına səbəb olan şəxslərlə bağlı profilaktiki tədbir keçirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-a bildiriblər ki, son iki gün ərzində polis əməkdaşlarının keçirdikləri tədbirlərlə on iki nəfər şəxs müəyyənləşdirilərək saxlanılıb və şöbəyə gətirilib.
Burada onlarla profilaktiki söhbətlər aparılıb, hər biri barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb və əməllərinə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Şirvan Şəhər Məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə onlardan yeddisi inzibati qaydada həbs olunub, beşi isə müxtəlif məbləğlərdə cərimələnib. Cərimə olunan şəxslər daha sonra isə qeydiyyatda olduqları şəhər və rayonlara göndəriliblər.
Bundan əlavə, dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq dilənçiliklə məşğul olan şəxsləri müvəqqəti yaşamaq üçün evlə təmin edən üç nəfər şəhər sakini də müəyyənləşdirilib, onlara ciddi xəbərdarlıq edilməklə barələrində qanunamüvafiq tədbirlər görülüb.
Bu halların qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Hadisə 2022-11-16 18:55:00