×
A
A
A
Sazlamalar

Yanvar-oktyabr aylarında elektrik enerjisinin ixracı 2,1 milyon kilovat-saat olub

Bakı, 16 noyabr, AZƏRTAC

Elektrik enerjisinə dair operativ məlumatlara əsasən, 2022-ci ilin oktyabr ayında Azərbaycanda elektrik enerjisinin istehsalı 2 milyard 238,6 milyon kilovat-saat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə istehsalın 68,7 milyon kilovat-saat, yaxud 3,2 faiz artması deməkdir.
Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, ötən ay ərzində elektrik enerjisinin idxalı 10,8 milyon kilovat-saat olmaqla 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,4 milyon kilovat-saat, ixrac isə 295,4 milyon kilovat-saat olmaqla ötən ilin müvafiq dövrünə nisbətən 169,9 milyon kilovat-saat artıb.
Ümumilikdə cari ilin yanvar-oktyabr aylarında respublika üzrə elektrik enerjisinin istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 876,4 milyon kilovat-saat, yəni 3,8 faiz artaraq 23 milyard 748,6 milyon kilovat-saat olub.
Hesabat dövründə ötən ilin 10 ayına nisbətən elektrik enerjisinin istehsalı istilik elektrik stansiyalarında (İES) 458,4 milyon kilovat-saat artaraq 21 min 933,4 milyon kilovat-saat, su elektrik stansiyalarında (SES) 354,5 milyon kilovat-saat artaraq 1 milyard 463,4 milyon kilovat-saat, digər mənbələr (külək elektrik stansiyaları (KES), günəş elektrik stansiyaları (GES) və bərk məişət tullantılarının yandırılması zavodu (BMTYZ)) üzrə isə 3,4 milyon kilovat-saat artaraq 291,8 milyon kilovat-saat olub.
On ayda külək elektrik stansiyalarında KES 73,4 milyon kilovat-saat, GES 55 milyon kilovat-saat, BMTYZ isə 163,4 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib.
Cari ilin 10 ayında elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 21 min 432,6 milyon kilovat-saat (İES-lərdə 20 milyard 75 milyon kilovat-saat, SES-lərdə 1 milyard 357,6 milyon kilovat-saat), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 396,4 milyon kilovat-saat (İES-lərdə 252,9 milyon kilovat-saat, SES-lərdə 92,6 milyon kilovat-saat, GES-də 50,9 milyon kilovat-saat), “Azərişıq” ASC üzrə KES-lərdə 55 milyon kilovat-saat müstəqil elektrik stansiyaları üzrə isə 1 milyard 864,6 milyon kilovat-saat təşkil edib.
Bu ilin yanvar-oktyabr ayları üzrə elektrik enerjisinin ixracı 2 milyard 101,2 milyon kilovat-saat, idxalı isə 115,7 milyon kilovat-saat olub.

Energetika 2022-11-16 16:51:00