×
A
A
A
Sazlamalar

Yüksək patogen quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinqlər keçiriləcək

Bakı, 16 noyabr, AZƏRTAC

Respublika ərazisini yüksək patogen quş qripi xəstəliyindən qorumaq məqsədilə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən növbəti epizootoloji monitorinqlər keçiriləcək. Monitorinqlərin keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyinin, Qida Təhlükəsizliyi İnstitutunun, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin və Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin əməkdaşlarından ibarət İşçi qrupu yaradılıb.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, noyabrın 21-dən 25-dək keçiriləcək epizootoloji monitorinqlər zamanı Şabran və Xızı rayonlarındakı Ağzıbir və Yaşma ovçuluq təsərrüfatlarını, Abşeron yarımadasında, Salyan, Ağcabədi və Lənkəran rayonlarındakı Abşeron, Şirvan, Ağ Göl, Qızılağac milli parklarının su-bataqlıq, dənizsahili zonalar və digər ərazilərini əhatə etməklə, ərazi ilə yanaşı çöl quşlarına ümumi baxış keçirilməsi, xəstəlik törədicisinin aşkar edilməsi məqsədilə çöl quşlarının ovlanması planlaşdırılır.
Eyni zamanda, həmin müddətdə Bakı və Sumqayıt şəhərlərindəki, Şabran, Siyəzən, Cəlilabad, Lənkəran, Ucar, İmişli, Neftçala, Salyan və Abşeron rayonlarında fəaliyyət göstərən sənaye əsaslı iri və kiçik quşçuluq müəssisələrində, o cümlədən Bakı şəhərinin, Abşeron, Şabran, Xızı, Ağcabədi, Salyan və Lənkəran rayonlarının ailə təsərrüfatlarındakı ev quşlarından laborator müayinə aparılması üçün diaqnostik nümunələr götürüləcək, habelə ölkə üzrə təsərrüfatlara ümumi baxış keçirilməklə baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri həyata keçiriləcək və epizootoloji məlumatlar toplanaraq təhlil ediləcək.
Monitorinqlərin aparıldığı dövr ərzində təbiət ərazilərində, ailə və fermer təsərrüfatlarında quduzluq və xırdabuynuzlu heyvanların taunu xəstəlikləri üzrə müşahidələrin aparılması, xəstə və ya tələf olmuş heyvanlara rast gəlindikdə isə diaqnostik nümunələrin götürülməsi nəzərdə tutulub.

Sosial 2022-11-16 16:36:00