×
A
A
A
Sazlamalar

Qazi: Biz müharibəyə hər şeyi gözə alaraq getmişdik

Bakı, 16 noyabr, AZƏRTAC

“YAŞAT” Fondu tərəfindən tibb istiqaməti üzrə işlər davam etdirilir.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Vətən müharibəsi əlili Elvin Cəfərlinin müalicə xərcləri “YAŞAT” Fondu tərəfindən qarşılanıb, məişət şəraiti yaxşılaşdırılıb.
Vətən müharibəsi qazisi Elvin Cəfərlinin döyüş yolu 2020-ci il sentyabrın 29-da Füzuli rayonundan başlayıb. Burada verilən tapşırığın uğurlu icrasından sonra növbəti istiqamətlər Cəbrayıl rayonu və Xocavənd rayonunun Hadrut qəsəbəsi olub. O, Hadrut istiqamətində yaralanaraq mübarizəni yarımçıq dayandırıb.
Elvin Cəfərli o günləri belə xatırlayır: “Füzuli istiqamətində döyüş tapşırığını yüksək səviyyədə icra etdikdən sonra Cəbrayılın Daşkəsən kəndinə doğru irəliləmək əmri verildi. Həmin kənd ordumuzun bölmələri tərəfindən düşməndən azad edilib toplanma məntəqəsi kimi istifadə olunurdu. Növbəti tapşırığa əsasən isə Hadrutda dağlıq əraziyə yerləşib atəş mövqeyi tutmalı idik. Mövqeyə doğru hərəkət edən zaman “KamAZ”ı tank əleyhinə mərmi ilə vurdular. Mərmi dəyən zaman bircə partlayış səsini eşitdim. Bundan sonra çox qarışıqlıq yarandı. Barıt qoxusu, tüstü... Göz-gözü görmürdü, nəfəs almaq isə mümkün deyildi. Həmin vaxt şəhidimiz olmasa da altı nəfər yaralandı ki, onlardan biri və ən ağır yaralananı mən idim. Sağ ayağımın topuq, oynaq hissəsindən ağır xəsarət almışdım. Məni Yevlax Rayon Mərkəzi Xəstəxanasına təxliyə edib ilkin tibbi yardım göstərdilər. On iki gün həmin xəstəxanada qaldıqdan sonra Bakıya Silahlı Qüvvələrin Baş Klinik Hospitalına göndərildim. Bir müddət müalicəm orada davam etdi. Həmin hospitalda dörd əməliyyat keçirdim. Lakin ayağımın vəziyyətinə baxış zamanı əlavə əməliyyata ehtiyac duyuldu. Bunun üçün “YAŞAT” Fonduna müraciət etdim. Müraciətim müsbət qarşılandı və fond əməliyyat olunmağıma dəstək göstərdi. Hələ də yeriməkdə çətinlik çəkirəm, lakin nə vaxtsa sağlamlığıma qovuşacağıma ümidimi itirməmişəm. Biz müharibəyə hər şeyi gözə alaraq getmişdik. Əsas odur ki, Qələbə qazanaraq ərazi bütövlüyümüzü bərpa etdik. Hər zaman Vətənimizin keşiyini çəkməyə hazırıq”.
Qazi bildirib ki, “YAŞAT” Fondu dərman və əməliyyat xərclərindən əlavə, onun məişət şəraitinin yaxşılaşdırılmasına da kömək edib: “Göstərilən dəstəyə görə, Fonda minnətdarlığımı bildirirəm. Fonda ianə edən vətəndaşlara isə bizi unutmadıqlarına, yardımsevərliklərinə və əziyyətimizi dəyərləndirdiklərinə görə təşəkkür edirəm”.
Xatırladaq ki, Fond tərəfindən görülən işlərlə bağlı ətraflı məlumatı yashat.gov.az rəsmi internet saytının “Hesabatlar” (https://yashat.gov.az/report/tableau) bölməsindən əldə etmək mümkündür.

Sosial 2022-11-16 15:02:00