×
A
A
A
Sazlamalar

Beynəlxalq Sosial Təminat Assosiasiyasının, Litva və Bolqarıstanın sosial qurumlarının rəhbərləri DOST Mərkəzi ilə tanış olublar

Bakı, 15 noyabr, AZƏRTAC

Ölkəmizdə səfərdə olan Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Prezidenti Məhəmməd Azman, Litvanın Sosial Təminat Qurumunun direktoru Julita Varanauskiene və Bolqarıstanın Milli Sosial Təminat Qurumunun sədri İvaylo İvanov DOST Agentliyinin 1 saylı DOST Mərkəzi ilə tanış olublar.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Prezident İlham Əliyevin 2018-ci il avqustun 9-da imzaladığı Fərmanla yaradılan DOST Agentliyinin dövlət sosial xidmətlər sisteminə gətirdiyi innovativ yeniliklər barədə məlumat verilib. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü olan DOST konsepsiyasının dövlət sosial xidmətlərinin “bir pəncərə”dən, tam şəffaf, çevik, vətəndaş rahatlığı və məmnunluğu prinsipinə uyğun göstərilməsinə imkan verdiyi vurğulanıb.
Qonaqlar mərkəzdə xidmət bölmələri, xidmətlərin göstərilməsi prosesi, mərkəzdəki vahid əlaqələndirmə mərkəzi ilə tanış olublar. Onlar üçün DOST konsepsiyasına dair təqdimat edilib.
Mərakeşdə keçirilən Dünya Sosial Təminat Forumunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu və DOST Agentliyi BSTA tərəfindən ümumilikdə üç Mükəmməllik Sertifikatı ilə təltif ediliblər.

Sosial 2022-11-15 19:03:00