×
A
A
A
Sazlamalar

Beynəlxalq Sosial Təminat Assosiasiyası Azərbaycanın sosial islahatlar təcrübəsini yüksək qiymətləndirir

Bakı, 15 noyabr, AZƏRTAC

Azərbaycanda son illər sosial sahədə, o cümlədən sosial təminat sistemində aparılan islahatların uğurlu nəticələri var və Beynəlxalq Sosial Təminat Assosiasiyası (BSTA) Azərbaycanın sosial islahatlar təcrübəsini yüksək qiymətləndirir.
Bunu ölkəmizdə səfərdə olan BSTA-nın prezidenti Məhəmməd Azman onunla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən görüşdə vurğulayıb.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev M.Azmanı bu günlərdə BSTA prezidenti seçilməsi münasibətilə təbrik edib, ona uğurlar arzulayıb. Nazir BSTA-nın qlobal müstəvidə sosial təminat sistemlərinin təkmilləşdirilməsi işlərinə verdiyi töhfələri qeyd edib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə Azərbaycanda son illər aparılan sosial islahatlar, sosial ödənişlərdəki ciddi artımlar, xidmətlərin elektronlaşdırılması, proaktiv təyinat mexanizmlərinin qurulması istiqamətində əldə olunan uğurlar diqqətə çatdırılıb.
Qeyd edilib ki, aparılan islahatlara beynəlxalq səviyyədə yüksək qiymət verilir. Bu il nazirliyin qurumları 11 beynəlxalq mükafatla təltif ediliblər. O cümlədən DOST Agentliyi və Dövlət Sosial Müdafiə Fondu (DSMF) BSTA tərəfindən də 4 mükafat və bu günlərdə Mərakeşdə keçirilən Dünya Sosial Təminat Forumunda üç Mükəmməllik Sertifikatı ilə təltif olunub. Fond, həmçinin Böyük Britaniyanın “2022-ci ilin Beynəlxalq Dövlət Qurumu” ali mükafatına layiq görülüb. Nazirliyin qurumlarına 2021-2022-ci illərdə 12 beynəlxalq ISO sertifikatı təqdim edilib.
2019-cu ilin iyun ayında BSTA-nın Avropa Forumu Bakıda keçirilib. Forum çərçivəsində nazirliyin təqdim etdiyi layihələr müsbət dəyərləndirilərək xüsusi mükafatlara layiq görülüb.
Görüşdə BSTA ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, o cümlədən Dövlət Sosial Müdafiə Fondu arasındakı uğurlu əməkdaşlıqdan bəhs olunub. Bu günlərdə DSMF sədrinin BSTA-nın Büro üzvü və Komitə sədri seçilməsinin assosiasiya ilə qarşılıqlı faydalı əməkdaşlığın daha da genişlənməsinə töhfə verəcəyinə əminlik ifadə edilib. Gələcək əməkdaşlığa, habelə DOST Agentliyinin də BSTA-ya üzv olması istiqamətində aparılan işlərə dair fikir mübadiləsi aparılıb.

Sosial 2022-11-15 17:40:00