×
A
A
A
Sazlamalar

Şəhidin həyat yoldaşı: Özümüzü heç vaxt tək hiss etməmişik…

Bakı, 15 noyabr, AZƏRTAC

Mənzil İnşaatı Dövlət Agentliyinin Hövsan yaşayış kompleksində yeni mənzillə təmin olunanlardan biri də Vətən müharibəsində şəhid olan Elşən Orucovun həyat yoldaşı Tünzalə Yusifovadır.
O, AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib: “Elşən 11 il idi ki, hərbi xidmətdə idi. Tankçı kimi müharibənin ilk günlərindən hərbi əməliyyatlarda iştirak etmişdi. Lakin noyabrın 4-də onun Füzulidən başlanan uğurlu döyüş yolu Xocavənddə qırıldı. Qəhrəman Vətən müdafiəçisi şəhidlik zirvəsinə ucalandan sonra ailəmiz hərtərəfli qayğı və sosial dəstək tədbirləri ilə əhatə olunub. Biz özümüzü heç vaxt tək hiss etməmişik”.
Elşən Orucov ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Şəhidin həyat yoldaşı daha sonra deyib: “ İndiyə qədər Masazır qəsəbəsində kirayə mənzildə yaşayırdıq. Doğrudur, “YAŞAT” Fondu, Əmanətlərin Sığortalanması Fondu, Binəqədi Rayon İcra Hakimiyyəti indiyədək heç nədən korluq çəkməyimizə imkan verməyib. Hazırda dördüncü sinifdə oxuyan oğlum Ehtiram, ikinci sinifdə oxuyan qızım Ayna “YAŞAT” Fondunun himayəsi ilə “Hədəf” liseyində təhsil alırlar. Ailəmizə verilən yeni mənzilə, ümumən bizə göstərilən qayğıya görə dövlət başçısına, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, eləcə də aidiyyəti olan bütün təşkilatlara minnətdarlığımızı bildirir, təşəkkür edirik”.

Sosial 2022-11-15 16:56:00