×
A
A
A
Sazlamalar

Qırx dörd günlük şərəfli yolun sonunda arzusunda olduğumuz Zəfərə qovuşduq

Bakı, 15 noyabr, AZƏRTAC

Azərbaycanın ən yeni tarixinin 44 səhifədən ibarət paraqrafı... Vətən müharibəsi adlanan həmin paraqrafın hər səhifəsində minlərlə Vətən oğlunun Qələbə imzası yer alıb. Səhifələri vərəqlədikcə xarıbülbülün qoxusu duyulur. Zəfər simvolumuz olan həmin gülün məkanı 43-cü səhifədədir. Doğma əllərin hərarətini hiss edən xarıbülbül canlanır, neçə illərdir düşmən qarşısında sərgilədiyi məğrurluğu ilə Qələbənin simvoluna çevrilir. 44-cü səhifəni isə qızıl hərflərlə yazılan Zəfər sözü bəzəyir...
AZƏRTAC xəbər verir ki, otuzillik hicranı 44 günə vüsala çevirdi Azərbaycan Ordusu. 2020-ci ilin payızında 7-dən 77-yə hər kəs ordu ilə birlikdə bütün dünyaya meydan oxudu, nəinki naxələf düşmənlə, bütün şər qüvvələrlə vuruşdu. Uzun illər özünü güclü, məğlubedilməz sanan şər zamanı gələndə xeyirin onu üstələyəcəyini hesaba almamışdı. Bu, haqq savaşı idi, mütləq ki İlahi ədalət qələbə çalacaqdı... Şərin əsarətində qalan torpaqlarda xeyir qüvvələrin Zəfəri ilə Günəş yenidən doğmağa başladı, təbiət canlandı, ölü sükutu doğma insanların Zəfər hayqırışları aradan qaldırdı. Bütün bunların hamısı hər günü bir əsrə bərabər olan 44 gündə baş verdi. 2020-ci ilin payızında dünya "Dəmir yumruq" əməliyyatının əzəmətinə, sarsıdıcı zərbəsinə və Şanlı Zəfərinə şahidlik etdi...
Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin 44 gün ərzində göstərdiyi misilsiz şücaət və qəhrəmanlıq, xüsusilə də Şuşanın əfsanəvi azadedilmə əməliyyatı dünyanın diqqətini ölkəmizə yönəltdi. O möhtəşəm tarixdə iz qoyanlar, cəsarəti, igidliyi ilə fərqlənənlər arasında Daxili İşlər Nazirliyinin (DİN) hərbi qulluqçuları və əməkdaşları da var. Murovdağdan başlayaraq Şuşaya qədər aparılan hərbi əməliyyatlarda fəal iştirak edən Daxili Qoşunların 66 hərbçisi şəhid olub, 346-sı yaralanıb. Minlərlə əməkdaş orden və medallarla təltif olunub, dörd nəfər isə Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb.
DİN-in Vətən müharibəsində fəal iştirakı ilə seçilən əməkdaşlarından biri də polis kapitanı Elçin İbrahimlidir. Vətən müharibəsindən əvvəl Ağcabədi rayon polis şöbəsində işləyən Elçin müharibənin ilk günündən döyüşlərə atılıb. Tərtərin Suqovuşan qəsəbəsi, Talış kəndi, Ağdərə və Ağdam istiqamətlərində aparılan hərbi əməliyyatlarda iştirak edən Elçin döyüşməklə yanaşı, Xocavənd və Ağdam rayonları istiqamətində postların mühafizəsində də dayanıb. Son günədək savaş meydanından çəkilməyən Elçinin ayıq-sayıqlığı nəticəsində bir neçə dəfə düşmən təxribatının qarşısını da alıb.
Əslən Zəngilan rayonundan olan kapitan o günləri belə xatırlayır: "Zəngilan işğal olunanda 5 yaşım var idi. Müharibənin zillətini kiçik yaşlarımdan görmüşəm. Atam Yaqub Abdullayev ehtiyatda olan polis polkovniki və Birinci Qarabağ müharibəsinin veteranıdır. O, Ağdam döyüşlərində şücaəti ilə fərqlənənlərdən olub. Atamın davamçısı və doğma torpağı işğalda olan bir rayonun sakini kimi müharibədə ən öndə gedənlərdən biri olmaq mənim borcum idi. Allaha çox şükür ki, müqəddəs savaşda iştirak etmək və atamın yarımçıq qalan işini tamamlamaq mənə nəsib oldu. 27 ildir çiyinlərimdə daşıdığım yükdən 44 gün ərzində azad oldum. Həm də atamı bu illər ərzində ürəyində gəzdirdiyi nisgil və narahatlıqdan xilas etdim. Müharibə bizə asan başa gəlmədi. Biz çox dəyərli qardaşlarımızı, igid döyüşçülərimizi şəhid verdik. Silahdaşlarımızdan bir qismi ağır xəsarət aldı. Mülki vətəndaşlarımız, körpələr hədəfə alındılar. Düşmənin heç bir təxribatı, namərd hərəkəti bizi yolumuzdan bir addım da çəkindirmədi. Son nəticədə Şuşada bayrağımızı yüksəldib düşməni ağ bayraq qaldırmağa məcbur etdik. Bizi düşürmək istədikləri vəziyyətə özləri düşdülər. Çünki biz göydə Allaha, yerdə isə xalqımıza arxalanaraq irəliləyirdik. Gəncə, Tərtər, Bərdə, Naftalan və s. ərazilər düşmən tərəfindən vurulanda xalqımız bizə dayan demədi, əksinə, irəli gedin çağırışlarını eşitdik. Təminatımız yetəri qədər olsa da, vətəndaşlar ərzaq, paltar göndərir, məktublar yazmağı unutmurdular. Azyaşlı uşaqlardan ağsaqqal, ağbirçəklərə qədər hər kəsin dəstəyini o qədər hiss edirdik ki... Ruh yüksəkliyi alır, yorğunluğumuzu unudur, bizə inamla baxan gözləri Qələbə xəbəri ilə sevindirməyə çalışırdıq. Allaha min şükür ki, əziyyətimiz yerdə qalmadı, 44 günlük şərəfli yolun sonunda arzusunda olduğumuz Zəfərə qovuşduq. Qələbəyə gedən yolda öz qəhrəmanlıqları ilə dərin iz salan və əbədiyyətə ucalan qardaşlarımızı hər zaman ehtiramla anacaq, onların Vətən, xalq naminə etdiyi fədakarlıqları gələcək nəsillərə ötürəcəyik".
Qeyd edək ki, Elçin İbrahimli hazırda Şabran rayon polis şöbəsində fəaliyyətini davam etdirir.
Vətən müharibəsi iştirakçısı, polis kapitanı Elçin İbrahimli əla xidmətə görə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov tərəfindən döş nişanı ilə təltif olunub.

 

 

Sosial 2022-11-15 14:48:00