×
A
A
A
Sazlamalar

Şəhid qardaşların atası: Onları ölüm də ayıra bilmədi…

Bakı, 15 noyabr, AZƏRTAC

Onları ölüm də ayıra bilmədi. Əkiz olmasalar da, onlar bir-birlərinə çox bağlı idilər. Hərbi xidmətə də eyni gündə getdilər, eyni hərbi hissədə də qulluq elədilər. Eyni də döyüş yolu keçdilər...
AZƏRTAC xəbər verir ki, bu sözlər Vətən müharibəsinin şəhid qardaşları İman və Bəhram Məmmədzadələrin atası Elman Məmmədova məxsusdur.
Onların döyüş yolu sentyabrın 27-də Füzulidən başlayıb. İki qardaş Cəbrayıl, Hadrut, Xocavənd uğrunda döyüşlərdə iştirak ediblər. Sonuncu döyüşləri Qırmızı Bazar qəsəbəsi uğrunda olub. Nə qədər ağır olsa da, ata bir də xəyalən həmin günlərə qayıdır: “Noyabrın 2-i onların həyatının son günü oldu. Həmin gün səhər telefonla onların ikisi ilə də danışmışdım. Bizi mümkün qədər tox tutmağa, həyəcanlanmamağa, təşviş hissi keçirməməyə çağırırdılar. Elə həmin gün günorta onlar ağır döyüşün iştirakçısı olublar. Həmin döyüşdə onların 14 yoldaşından 11-i şəhid olub. Birinci şəhid olan isə İman olub. Üç dəfə yaralansa da, bir addım da geri ayaq qoymayıb. Hətta qardaşı Bəhram qucağında onu ön mövqedən geri çəkmək istəyib. Amma İman yenə də ayağa qalxaraq yaralı halda düşmən üstünə gedib. İki qardaş ikisi də həmin gün şəhid olublar”.
Hər ikisi “Vətən uğrunda”, “Füzulinin azad olunması uğrunda”, “Cəbrayılın azad olunması uğrunda”, “Xocavəndin azad olunması uğrunda” medalları ilə təltif olunublar.
Şəhid qardaşların atası indiyədək onların ailəsinin hər cür sosial dəstək tədbirləri ilə əhatə olunduğunu və dövlətin daim onların yanında olduğunu qeyd edib: “Mənzil İnşaatı Dövlət Agentliyinin Hövsan yaşayış kompleksində inşa edilən çoxmərtəbəli yaşayış evindən bizə təqdim olunan iki otaqlı mənzil də həmin qayğının daha bir ifadəsidir. Heç nədən korluğumuz yoxdur. Uşaqların anası Hicran xanımı və məni sıxan bir dərd varsa, o da İmanla Bəhramın yoxluğudur. Təsəllimiz onların müqəddəs yolda qurban getməsi və öz vətənpərvərlikləri, igidlikləri, yurda olan tükənməz sevgiləri ilə bizi başıuca etmələridir. Bir də onunla təsəlli tapırıq ki, dövlətimiz, xalqımızın qədirbilən övladları onları unutmur, qəhrəmanlıqlarını layiqincə qiymətləndirirlər. Əlbəttə ki, Vətəni Vətən edən, onu bizə doğmalaşdıran məhz belə oğullar və onların hər şeydən üstün olan yurd sevgisidir”.

 

Sosial 2022-11-15 13:58:00