×
A
A
A
Sazlamalar

Nizami rayonunda Şirin Mirzəyev küçəsi təmir olunub

Bakı, 14 noyabr, AZƏRTAC

Cari ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, paytaxtın Nizami rayonunda Şirin Mirzəyev küçəsinin Qara Qarayev prospektindən Mehdi Abbasov küçəsinədək olan hissəsi əsaslı təmir edilib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata əsasən, təmir olunan bu hissənin uzunluğu 500 metr, eni ortalama 12 metr təşkil edir.
Təmir işləri çərçivəsində küçəboyu deformasiyaya uğramış asfalt-beton örtüyü frezlənib, frezlənmiş əraziyə yeni asfalt-beton örtüyünün döşənməsi, zəruri yerlərdə vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə mövcud piyada səkilərinin bərpa olunması, köhnə səki daşlarının yenilənməsi işləri aparılıb. Həmçinin 10 min 313 kvadratmetr sahəyə asfalt örtüyü döşənib, piyada səkiləri bərpa olunaraq 2350 kvadratmetr sahəsi asfaltlanıb, əraziyə 2312 poqonometr yeni səki daşları düzülüb.
Bu işlərə paralel olaraq yeraltı kommunikasiya xətlərinə yeni baxış qapaqları qoyulub.
Sonuncu mərhələdə küçə üfüqi nişanlanma xətləri, piyada zolaqları, eləcə də parking yerləri ilə təmin olunaraq müasir görkəmdə istifadəyə verilib.
Qeyd olunub ki, cari ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, rayon üzrə təmirə ehtiyacı olan və ümumi uzunluğu 6,25 kilometr təşkil edən 10 küçə təmir edilir.

Tikinti̇ 2022-11-14 18:51:00