×
A
A
A
Sazlamalar

Yaponiyadakı hərracda çiy balina əti rekord qiymətə satılıb

Tokio, 14 noyabr, AZƏRTAC

Noyabrın 14-də Yaponiyanın Yamaquçi prefekturasında keçirilən hərracda çiy balina əti rekord məbləğə satılıb.
AZƏRTAC xəbər verir ki, bazar ertəsi günü prefekturanın Şimonoseki şəhərindəki topdansatış mərkəzində iki ton çiy balina əti hərraca çıxarılıb. Həmin balinanın Hokkaydo sahillərində ovlandığı qeyd edilir.
Bildirilir ki, gecə saat 2-də başlayan hərraclarda balina ətinin tikələri biri digərinin ardınca satışa çıxarılıb. Balinanın quyruq üzgəcinin yaxınlığında yerləşən ət hissələrinin bir kiloqramı 500 min yenə (təqribən 3600 dollara) satılıb.
Balıqçılar şirkətinin bildirdiyinə görə, bu, ötən ay Osakada müəyyən edilmiş rekordu iki dəfədən çox üstələyib. Şirkətin rəhbəri də bu məbləğin onu təəccübləndirdiyini bildirib. O, bir çox müştərinin həmin çiy ətin dadına baxacağına ümidvar olduğunu da əlavə edib.
Həmin tikəni alan şirkətin rəhbəri isə bildirib ki, koronavirus pandemiyasının hələ də davam etdiyi şəraitdə bu mərmərə bənzər əti belə yüksək qiymətə almaqda məqsədi mövcud sahənin işini fəallaşdırmaqdır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Bu maraqlıdır 2022-11-14 17:30:00