×
A
A
A
Sazlamalar

AQTA sədri Qoşqar Təhməzli Macarıstanın ölkəmizdəki səfiri ilə görüşüb

Bakı, 14 noyabr, AZƏRTAC

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri (AQTA) Qoşqar Təhməzli Macarıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Tamaş Yojef Torma ilə görüşüb.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə ölkəmizdə qida təhlükəsizliyinin təmin olunması sahəsində görülən işlər, həmçinin bu sahədə beynəlxalq təşkilatlar və xarici ölkələrlə əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlər barədə məlumat verilib. Eyni zamanda, gələn il yanvarın 1-dən qüvvəyə minəcək “Qida təhlükəsizliyi haqqında” Qanun və həmin qanundan irəli gələn məsələlər barədə məlumatlar səfirin diqqətinə çatdırılıb.
Görüş zamanı qida sahəsində iki ölkə arasında idxal-ixrac əməliyyatları üzrə əlaqələndirmənin operativ şəkildə qurulması məqsədilə işçi qruplarının yaradılması, virtual və ya zərurət yaranarsa fiziki formatda görüşlərin keçirilməsi müzakirə olunub.
Görüş çərçivəsində qida mənşəli xəstəliklərin araşdırılması və epizootiya əleyhinə təşkil olunan tədbirlər, idxal zamanı sərhəd buraxılış məntəqələrində baytarlıq nəzarəti proseduru ilə tanışlıq (baytarlıq sertifikatlarının yoxlanılması, tətbiq olunan baytarlıq sanitariya tədbirləri), qida məhsullarına nəzarət mexanizmi sahəsində təcrübə mübadiləsi ilə əlaqədar müzakirələr aparılıb.
Səfir Tamaş Yojef Torma səmimi görüşə görə təşəkkürünü bildirərək, ölkəmizdəki diplomatik fəaliyyəti dövründə Qida Təhlükəsizliyi Agentliyi ilə Macarıstanın müvafiq dövlət qurumları arasında mövcud əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi sahəsində səylərini əsirgəməyəcəyini qeyd edib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Sosial 2022-11-14 17:14:00