×
A
A
A
Sazlamalar

Bərdədə qadına qarşı quldurluq edən və bıçaqla xəsarət yetirən şəxs istintaqa cəlb olunub

Bakı, 14 noyabr, AZƏRTAC

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayon ərazisində qadına qarşı quldurluq etməkdə və bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanılaraq istintaqa cəlb edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, noyabrın 13-də naməlum şəxsin bir qadına hücum edərək çantasını ələ keçirtməyə cəhd göstərməsi, müqavimətlə üzləşdikdə isə bıçaqla xəsarət yetirməsi barədə Bərdə Rayon Polis Şöbəsinə məlumat daxil olub.
Məlumatla əlaqədar polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə qeyd edilən cinayət əməlini törətməkdə şübhəli bilinən Kəlbəcər rayon sakini, əvvəllər məhkum olunmuş Emin Qarayev saxlanılıb. Həmçinin hadisə zamanı istifadə edilən bıçaq aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı Bərdə Rayon Polis Şöbəsi tərəfindən E.Qarayev barəsində Cinayət Məcəlləsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Hadisə 2022-11-14 16:10:00