×
A
A
A
Sazlamalar

QMİ-nin sədri: Hər zaman olduğu kimi, Türkiyənin yanındayıq

Bakı, 14 noyabr, AZƏRTAC

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Türkiyə Respublikasının Diyanət İşləri sədri Əli Erbaşa başsağlığı məktubu ünvanlayıb.
QMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məktubda deyilir:
“Möhtərəm qardaşım, qardaş Türkiyənin İstanbul şəhərinin mərkəzində törədilmiş xain terror aktı nəticəsində insanların həlak olması və xəsarət alması xəbəri bizi olduqca sarsıtdı və kədərləndirdi.
Müqəddəs dəyər olan insan həyatına qarşı cinayət olan terroru, onun bütün təzahürlərini qətiyyətlə pisləyirik. Hər zaman olduğu kimi, Türkiyənin yanındayıq. Xəyanətkar terror hadisəsi ilə əlaqədar dərdinizi bölüşür, Azərbaycan, Qafqaz müsəlmanları adından və şəxsən öz adımdan cənabınıza və şəxsinizdə bütün qardaş türk müsəlmanlarına, terror nəticəsində həyatlarını itirənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, Uca Allahdan ölənlərə rəhmət, yaralılara şəfa diləyirəm. Uca Allah qardaş Türkiyə xalqını və dövlətini hifz etsin”.

Din 2022-11-14 14:40:00