×
A
A
A
Sazlamalar

Qafqaz Müsəlmanları İdarəsinin sədri Nizami Gəncəvi Beynəlxalq Mərkəzində olub

Bakı, 12 noyabr, AZƏRTAC

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Nizami Gəncəvi Beynəlxalq Mərkəzində olub.
Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, QMİ sədri əvvəlcə Mərkəzin nəzdində yığılan və İslam dininə, Nizami Gəncəvi irsinə aid nadir nüsxələr, dünya ədəbiyyatının bir sıra tanınmış nümayəndələrinin əsərlərini özündə cəmləşdirən kitabxana ilə tanış olub. Burada Nizami Gəncəvinin “Xəmsə”sinə aid olan və dünyanın ən böyük kitabxanası sayılan Misirin İskəndəriyyə Kitabxanası, eləcə də Metropolitan, Topkapı Sarayı, Viktoriya və Albert kimi məşhur muzeylərindən əldə edilən ən qədim əlyazmalar var.
Görüş zamanı Qafqaz Müsəlmanları İdarəsinin sədri Nizami Gəncəvi irsinin, onun şeiriyyətinin, aydın məntiq və şüurunun əlçatmaz olduğunu qeyd edib və onların bəşəriyyətin mənəvi inkişafında mühüm rol oynadığını bildirib.
Şeyxülislam Allahşükür Paşazadə bildirib ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzini təmsil edən ictimai-siyasi şəxslərin alimlərdən, siyasətçilərdən və dünya liderlərindən ibarət olması Mərkəzin gördüyü işləri daha da qiymətli edir. Vurğulayıb ki, 30 illik əsarətdən sonra Azərbaycanın torpaqlarımızın azad olunması uğrunda verdiyi mübarizə zamanı Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri bütün dünyaya haqq səsimizin çatdırılmasında mühüm rol oynadı.
Görüşdə iştirak edən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi Mərkəzin fəaliyyəti barədə qonaqları məlumatlandırıb. Mərkəzin dünyadakı çağırışları müzakirə etmək və onların həlli yollarını araşdırmaq məqsədilə dövrümüzün ən görkəmli adamlarını və nüfuzlu ekspertlərini bir araya toplamaqla tərəfdaşlıq etdiyi növbəti BMT-nin Sivilizasiyalar Alyansının Mərakeşdə keçirəcəyi 9-cu Qlobal Forumu barədə Şeyxülislam Allahşükür Paşazadə ilə fikir mübadiləsi aparılıb.
Mərkəzin Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən elan edilmiş “Nizami Gəncəvi İli” çərçivəsində dahi şairin 880 illik yubileyi ilə əlaqədar nəşr etdirdiyi “Qələmin Sehri” – Nizami Gəncəvinin “Xəmsə”sindən seçilmiş əlyazmalar kitabının xüsusi nəşri şeyxülislam Allahşükür Paşazadəyə təqdim edilib.

Din 2022-11-12 11:11:00