×
A
A
A
Sazlamalar

Müdafiə naziri Türkiyə Respublikasının hərbyönümlü QHT rəhbərləri ilə görüşüb

Bakı, 11 noyabr, AZƏRTAC
Azərbaycanda səfərdə olan Türkiyə Respublikasının hərbyönümlü qeyri-hökumət təşkilatlarının (QHT) rəhbərləri Erdoğan Karakuş, Hamza Dürgen, Mustafa Işık və Beyazıt Yumuk noyabrın 11-də müdafiə naziri general-polkovnik Zakir Həsənovla görüşüblər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qonaqları ölkəmizdə görməkdən məmnunluğunu bildirən nazir, Azərbaycan ilə Türkiyə arasında həyata keçirilən ikitərəfli hərbi əməkdaşlığın dostluq, qardaşlıq münasibətləri üzərində qurulduğunu və bundan sonra da uğurla inkişaf edərək güclənəcəyini vurğulayıb.
General-polkovnik Z.Həsənov qonaqlara Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan Zəfərin tarixi əhəmiyyəti və işğaldan azad edilmiş ərazilərin dirçəldilməsi istiqamətində görülən işlər, eləcə də regiondakı hazırkı vəziyyətlə bağlı danışıb.
Müdafiə naziri gənclərin milli vətənpərvərlik ruhunda tərbiyəsində belə QHT-lərin mühüm əhəmiyyətə malik olduğunu xüsusi vurğulayıb.
Ölkəmizə səfərdən razı qaldıqlarını ifadə edən nümayəndə heyətinin üzvləri göstərilən qonaqpərvərliyə görə təşəkkürlərini bildiriblər. Təşkilat rəhbərləri bir neçə gün əvvəl qeyd olunan 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Ordusunu təbrik edib, şəhidlərin ailə üzvləri və yaxınlarına başsağlığı veriblər.
Nümayəndələr rəhbərlik etdikləri təşkilatların Türkiyədəki fəaliyyəti, o cümlədən şəhid ailələri və müharibə veteranları ilə bağlı gördükləri işlər barədə ətraflı məlumat veriblər.
Sonda qarşılıqlı hədiyyələr təqdim olunub.

Ordu 2022-11-11 18:15:00