×
A
A
A
Sazlamalar

“Sərgüzəşti-vəziri xani-Lənkəran” tamaşası növbəti dəfə göstəriləcək

Bakı, 11 noyabr, AZƏRTAC
Noyabrın 13-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında milli dramaturgiyamızın banisi, ölməz Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti-vəziri-xani-Lənkəran” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş olunacaq.
AZƏRTAC xəbər verir ki, tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, musiqi tərtibatı Xalq artisti Cavanşir Cəfərovdur. Əsas obrazları Əməkdar artistlər Leyli Vəliyeva, Şövqi Hüseynov, Nofəl Vəliyev, Ramil Məmmədov və aktrisa Zülfiyyə Alhüseynova canlandırır.
Tamaşa o dövrdə şəhərdə hökm sürən hərc-mərclikdən, bərabərsizlikdən bəhs edir. Hər tərəfi bürüyən acınacaqlı vəziyyət isə əslində, şəhəri idarə edən Lənkəran xanının savadsızlığından irəli gəlir. Bu işdə ona sadiq vəziri yaxından kömək edir. Lakin gənc və gözəl Nisə xanım bu izdivaca qətiyyən razı deyil, çünki onun könlü xanın qardaşı oğlu Teymur ağadadır. Teymur ağa boylu-buxunlu, yaraşıqlı dost-tanışları arasında sayılıb-seçilən mərd bir cavandır. O da bu izdivaca qarşıdır və hər vasitə ilə əmisinə mane olmağa çalışır. Ona isə Nisə xanımın bacısı, həmçinin vəzirin ikinci zövcəsi Şölə xanım və anası Pəri xanım kömək edirdi. Vəzirin birinci arvadı Ziba xanım isə yaranmış vəziyyətdən şübhələnərək onları ifşa etməyə çalışır. Lakin gənclərin sevgi uğrunda çəkdikləri əziyyət yerdə qalmır. Sonda Lənkəran xanının qayıqla gəzinti zamanı qəza nəticəsində qəfil ölümü onun yeganə varisi olan qardaşı oğlu Teymur ağanın taxta keçməsi və sevənlərin qovuşması ilə nəticələnir.
Tamaşada hadisələrin çox dinamik şəkildə bir-birini izləməsi tamaşaçını yormur, əksinə zövq verir. O dövrü əks etdirən dekorasiya və geyimlər isə diqqəti cəlb edir.

Teatr və kino 2022-11-11 12:41:00