×
A
A
A
Sazlamalar

Gömrükçülər külli miqdarda balıqçılıq torları aşkarlayıblar

Bakı, 11 noyabr, AZƏRTAC

Gömrükçülər külli miqdarda balıqçılıq torları aşkarlayıblar.
Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, Bakı Baş Gömrük İdarəsində Azərbaycan vətəndaşı İsayev Samir Fərman oğlu tərəfindən Çindən idxal edilən 5220 ədəd “üzümçülükdə və digər məqsədlər üçün istifadə olunan torlar” yükünün rəsmiləşdirilməsi zamanı malların mülki dövriyyəsinə yol verilməyən əşyaların siyahısına aid olduğu şübhəsi yaranıb.
Bu məqsədlə müvafiq ekspert tədqiqatlarının aparılması üçün DGK-nın Mərkəzi Gömrük Ekspertizası İdarəsinə müraciət edilib. İdarənin apardığı tədqiqatların nəticələri gömrükçülərin şübhələrini təsdiqləyib. Belə ki, ekspert rəyinə əsasən idxal edilmiş torların diametri 0,5 millimetrdən az olan sintetik təkqat saplardan toxunmuş və dəliklərin konstruktiv ölçüləri 120 millimetrdən kiçik ilgəkli balıqçılıq torları olduğu müəyyənləşib. Xatırladaq ki, aşkar edilən balıqçılıq torları mülki dövriyyədə olmasına yol verilməyən əşyaların siyahısına daxildir.
Faktla bağlı araşdırma aparılır.

Hadisə 2022-11-11 12:16:00