×
A
A
A
Sazlamalar

Yüksək Liqa: “Baku Fire”, “Araz-Naxçıvan” və “Record” ikinci dövrəyə qələbə ilə başlayıblar

Bakı, 10 noyabr, AZƏRTAC

Bu gün futzal üzrə Yüksək Liqada altıncı tura start verilib. Bununla da liqada ikinci dövrə başlayıb.
AZƏRTAC xəbər verir ki, günün ilk oyununda “Neftçi” və “Baku Fire” komandaları üz-üzə gəliblər. Qarşılıqlı hücumlar şəraitində keçən oyunda “Baku Fire” komandası 2:1 hesablı qələbə qazanıb. Komandalar arasında baş tutmuş mövsümün açılış matçı qolsuz heç-heçə ilə başa çatmışdı.
Sonra parket üzərinə “Araz-Naxçıvan” və “Alyans” komandaları çıxıblar. Görüş Azərbaycan çempionu – “Araz-Naxçıvan”ın böyük hesablı qələbəsi ilə yekunlaşıb – 11:1.
Turun sonuncu oyununda “Record” yeni formalaşan və Avropa çempionatında ölkəmizi təmsil edəcək U-19-la üz-üzə gəlib. Matçda “Record” rəqibini 9:1 hesabı ilə məğlub edib.
Turnir cədvəlinə 15 xalla “Araz-Naxçıvan” klubu liderlik edir. “Baku Fire” 13 xalla ikinci, “Neftçi” 10 xalla üçüncüdür. “Record” (9 xal) dördüncü, “Alyans” (3) beşinci, hesabında xal olmayan U-19 isə sonuncu – altıncı pillədə qərarlaşıblar.

İdman 2022-11-10 20:38:00