×
A
A
A
Sazlamalar

Yeni qanunla bioloji aktiv qida məhsullarının qeydiyyatı tələb olunacaq

Bakı, 10 noyabr, AZƏRTAC

Gələn il yanvarın 1-dən “Qida təhlükəsizliyi haqqında” Qanunun qüvvəyə minməsi ilə qida təhlükəsizliyinin təmin olunması sahəsində bir sıra yeniliklər həyata keçiriləcək. Bunlardan biri də bioloji fəallığa malik qida əlavələri ilə bağlıdır. Belə ki, yeni qanunla “bioloji fəallığa malik qida əlavələri” adı dəyişdirilərək “bioloji aktiv qida məhsulları” kimi ifadə olunacaq.
Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, həmin məhsulların emalı və dövriyyəsinə yalnız dövlət qeydiyyatı aparıldıqdan sonra icazə veriləcək. Dövlət qeydiyyatına alınmamış bioloji aktiv qida məhsullarının (BAQM) ölkə ərazisində dövriyyəsi isə qadağan olunacaq.
Bundan əlavə, yeni qanunvericilikdə bioloji aktiv qida maddələrin təhlükəsizlik (çirkləndirici, mikrobioloji, baytarlıq preparatlarının qalıq miqdarı) və etiketlənmə tələblərinin yer aldığı sanitar norma və qaydalarının təsdiq edilməsi nəzərdə tutulur.
Qeydiyyat respublika ərazisində ilk dəfə emal olunacaq bioloji aktiv qida məhsulları üçün emal mərhələsində, ölkə ərazisinə ilk idxal olunacaq bioloji aktiv qida materialları üçün isə idxaldan əvvəl həyata keçiriləcək.
Bioloji aktiv qida məhsullarının respublika ərazisində emal edildiyi qida biznesi obyektlərində emal edilmiş və dövlət qeydiyyatına alınması üçün müraciət edilmiş ilk məhsulun qeydiyyatı mərhələsində həmin obyektlərdə qiymətləndirmə həyata keçiriləcək.
Dövlət qeydiyyatına alınmış bioloji aktiv qida məhsulları reyestrə daxil ediləcək. Daxil olunmuş məlumatlar Qida Təhlükəsizliyi Agentliyinin internet saytında yerləşdiriləcək, daimi yenilənəcək və axtarış aparan hər kəs üçün açıq olacaq.

Sosial 2022-11-10 19:07:00