×
A
A
A
Sazlamalar

“Azərbaycan Dəmir Yolları” IT resurslarını “Hökumət buludu”na köçürür

Bakı, 10 noyabr, AZƏRTAC

“Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanının icrası ilə əlaqədar “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) informasiya sistemləri və resurslarının “Hökumət buludu”na miqrasiyası nəzərdə tutulur.
ADY-dən AZƏRTAC-a bildirilib ki, bu keçid prosesi ilə bağlı noyabrın 11-də saat 19:00-dan noyabrın 14-də saat 00:00-dək Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarına onlayn bilet satışı texniki səbəblərdən dayandırılacaq. Qeyd olunan tarixlər üçün öncədən alınmış onlayn biletlər qüvvədə qalacaq və sərnişinlər həmin biletlə səyahət edə biləcəklər.
Sözügedən tarixlərdə biletlərin satışı yalnız dəmir yolu stansiyalarının bilet satışı kassalarında həyata keçiriləcək. Kassalarda biletlərə dair ödənişin nağd, eyni zamanda, nağdsız qaydada aparılması mümkündür.
Onlayn şəkildə alınmış biletlərin həmin tarixlərdə geri qaytarılması yalnız bilet satışı kassalarında (Bakı sərnişin, Biləcəri, Yevlax, Goran, Gəncə stansiyalarında) həyata keçirilə bilər. Biletlərin geri qaytarılması ilə əlaqədar biletlə bağlı ödənilmiş məbləğ onlayn bilet satışı bərpa olunduqdan sonra müəyyən olunmuş müddət ərzində sərnişinin ödənişi həyata keçirdiyi bank hesabına köçürüləcək.
Bu müddət ərzində Abşeron dairəvi dəmir yolu xətti üzrə hərəkət edən qatarlara bilet satışında hər hansı məhdudiyyət olmayacaq.
“Azərbaycan Dəmir Yolları”nın informasiya resurslarının təkmilləşdirilməsi ilə əlaqədar ADY-nin “1822-Əlaqə Mərkəzi”nin işində də fasilələrin yaranması ehtimal edilir. Bu baxımdan sərnişinlər və dəmir yolu nəqliyyatından istifadə etmək istəyən şəxslər sualları və çətinlikləri ilə bağlı (012) 499-45-15 telefon nömrəsinə zəng edə bilərlər.
Qeyd edək ki, informasiya resurslarının və ehtiyatlarının “Hökumət buludu”na keçidi ilə informasiya texnologiyaları sahəsində xərclərin azalmasına, məhsuldarlığın artırılması ilə bərabər bu sistemlərin təhlükəsizliyinin daha da təkmilləşdirilməsinə, sabit və dayanıqlı infrastrukturun formalaşdırılmasına, operativ koordinasiya və daimi monitorinqin təşkilinə nail olunacaq.

Nəqliyyat 2022-11-10 17:07:00