×
A
A
A
Sazlamalar

Dövlət Sosial Müdafiə Fondunun nümayəndə heyəti İsveçə səfəri çərçivəsində yerli qurumlarla görüşlər keçirib

Stokholm, 10 noyabr, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) nümayəndə heyəti İsveçə səfəri çərçivəsində yerli qurumlarla görüşlər keçirib.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, fondun İdarə Heyətinin sədr müavini Mətin Əsgərin rəhbərlik etdiyi nümayəndə heyəti ilkin olaraq, İsveçin Pensiya və Sosial Sığorta Agentliyində olub və bu qurumun rəhbər şəxsləri ilə görüşüb.
Baş tutan görüşlərdə tərəflər arasında informasiya mübadiləsi aparılıb - ölkəmizdə sosial sığorta və sosial təminat sahəsində həyata keçirilən islahatlar, bu sahədə innovativ yeniliklər, əhaliyə elektron infrastruktur üzərindən göstərilən proaktiv xidmətlər və sığorta-pensiya sistemi müzakirə olunub. İsveçin pensiya və sosial sığorta sistemi barədə məlumat verən Pensiya və Sosial Sığorta Agentliyinin nümayəndələri ilə, həmçinin sosial təminat sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb.
Səfər çərçivəsində Dövlət Sosial Müdafiə Fondunun nümayəndə heyəti həm də İsveçin Vergi Agentliyində də olub. Məcburi dövlət sosial sığorta haqlarının yığılması, hesabatlılıq və monitorinq mexanizmləri, aparılan aktuar hesablamalar və təhlillər haqqında qonaqlara məlumat verilib.
Görüşlər əsnasında ikitərəfli əlaqələrin genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb.

 
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm

Sosial 2022-11-10 17:02:00