×
A
A
A
Sazlamalar

Muradına Şuşada qovuşan şəhid VİDEO

Bakı, 10 noyabr, AZƏRTAC

Yaxşı ki, uşaqlar çox şeydən xəbərsizdirlər...
Aprel döyüşlərinin iştirakçısı, Vətən müharibəsi şəhidi Anar Nağıyevin qızı Anara kimi...
Balaca Anara ortalıqda ora-bura qaçır, kövrək addımlarla zaldakı iri şəklə yaxınlaşaraq “ata” deyə çağırır, monitorda nümayiş olunan videoçarxda atasına baxaraq gülümsəyir...
İki yaşı tamam olmamış qızcığaza atasının üzünü görmək də nəsib olmayıb. O, atasını şəkillərdən, videolardan tanıyır.
İllər keçəcək. Anara böyüdükcə atasızlığın ağrısını hiss edəcək, özünün necə bir qəhrəmanın qızı olduğunu biləcək.
2020-ci il noyabrın 8-də Şuşada “Şuşa alındı” deyərək şəhadətə ucalan Anar Nağıyevin şəhadətindən iki il keçdi. Ailə üzvləri, döyüş yoldaşları, yaxın dostları, qohumları onun xatirəsini yad etmək üçün bir yerə toplaşmışdılar. Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Milli Məclisin deputatı Aydın Hüseynov, şəhid ailəsinin üzvləri, qazilər, rayon ictimaiyyətinin nümayəndələri belə gündə onun ailəsini tək qoymamışdılar...
Tədbir ərazi bütövlüyümüz uğrunda canından keçən qəhrəman Vətən oğullarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Anım mərasimində çıxış edən Aydın Hüseynov iki il əvvəl Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən, 28 il torpaqlarımızı işğal altında saxlayan düşmənə 44 gün ərzində əsl hərb dərsi keçilməsindən bəhs edərək bildirib ki, gənc əsgərlərdən yüksəkrütbəli zabitlərə, peşəkar hərbçilərədək Azərbaycan Ordusunun hər bir mənsubu bu döyüşdə xüsusi qəhrəmanlıq, fədakarlıq nümayiş etdirərək uzun illər davam edən torpaq həsrətinə son qoydular.
“Təəssüf ki, müqəddəs yolda neçə-neçə igid döyüşçü itirdik. Ölümün gözünə dik baxaraq irəli atılan, ən qızğın döyüşlərdə düşmənə qan udduran, son nəfəsini üçrəngli bayrağımızın yüksəklərdə dalğalanması üçün əsirgəməyən cəngavər döyüşçülərdən biri də Anar Nağıyev olub. Onun necə məğrur və qorxmaz bir igid olduğunu şəkillərinə baxarkən də hiss etmək mümkündür. Tanrı ondan heç nəyi əsirgəməmişdi: hündür boy-buxun, əzələli bədən quruluşu, qorxmaz ürək... Anarın döyüş yoldaşlarının onun haqqında dediklərini eşidəndə heyrətlənməmək mümkün deyil. Hər zaman özünə şəhadət arzulayan, Şuşanı görmək arzusu ilə alışıb yanan Anar muradına qovuşdu. Noyabrın 6-da Şuşada yaralansa da, şəhərin azad edilməsini görmək üçün sanki Allah-taala ona iki gün möhlət verdi. Anar şəhadətə Şuşada qovuşdu. Qazilərə “yaşayan şəhidlər” deyirlər. Bu yolda canlarını fəda edən şəhidlər də, müharibənin odu-alovu içərisindən salamat çıxsa da, öz əzalarını qurban verən igidlər xalqımızın baş tacıdır. Onların hər biri cəmiyyətimiz üçün örnək, gələcək nəsillər üçün nümunədir. Müqəddəs Vətənimizin nağıllarda, kinolarda deyil, əsl canlı qəhrəmanları var. Hər biri ilə qürur duyur, şəhidlərimizə Allahdan rəhmət, qazilərə şəfa arzulayıram”, - deyə A.Hüseynov öz çıxışında qeyd edib.
Ölkəmizdə şəhid ailələri, qazilər, müharibə əlillərinə göstərilən diqqət və qayğıdan danışan Milli Məclisin üzvü həssas təbəqənin yanında olmağın, həmin sosial təbəqəyə məxsus olanlara dəstək göstərilməsinin hər kəsin vətəndaşlıq və vəfa borcu olduğunu bildirib.
Şəhidin döyüş yoldaşları Rəşad Novruzov, Sadiq Hüseynov, Rəfail Nuruyev, Fərid Telmanlı Anar haqqında xatirələrini bölüşüb, onun kimi bir qəhrəmanla çiyin-çiyinə döyüşməkdən qürur hissi keçirdiklərini vurğulayıblar.
Anım tədbirində, həmçinin mərsiyələr və vətənpərvərlik mahnıları səsləndirilib, şəhidin həyat və döyüş yolundan bəhs edən videoçarx nümayiş etdirilib.
Xatırladaq ki, Vətən müharibəsi şəhidi, xüsusi təyinatlı qüvvələrin giziri Anar Nağıyevin döyüş yolu Murovdağdan başlayıb. Kəlbəcər, Cəbrayıl, Füzuli, Qubadlı, Ağdərə, Xocavənd, Şuşa ərazisində gedən hərbi əməliyyatlarda iştirak edib. Oktyabrın 16-da Xocavənd rayonunun Tuğ kəndi istiqamətində döyüşlər zamanı düşmənin atdığı minaatandan qolundan və ayağından qəlpə yarası alıb. Füzuli hospitalına təxliyə olunsa da, az sonra təkidlə yenidən cəbhə zonasına qayıdıb. O, Şuşanın işğaldan azad edilməsi uğrunda döyüşlərdə birbaşa iştirak etmək istəyirmiş. Ona görə də oktyabrın 27-də döyüş meydanına qayıdıb. Noyabrın 6-da Şuşada üzbəüz döyüşlər zamanı güllə yarası alıb, iki gün sonra isə Azərbaycan bayrağı Şuşada dalğalanandan sonra “Şuşa alındı” deyərək şəhadətə qovuşub.
Ölkə başçısının müvafiq sərəncamları ilə Anar Nağıyev ölümündən sonra “Qarabağ” ordeni, “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

Sosial 2022-11-10 16:39:00

Video