×
A
A
A
Sazlamalar

Zəfər Gününə həsr olunmuş airbadminton turniri təşkil edilib

Bakı, 8 noyabr, AZƏRTA

Noyabrın 8-də 7 saylı cəzaçəkmə müəssisəsində “İdman həyatdır” şüarı altında Zəfər Gününə həsr olunmuş airbadminton turniri keçirilib.
Azərbaycan Badminton Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, açıq havada təşkil edilən tədbirlərin məqsədi cəzaçəkmə müəssisələrində məhkumların fiziki sağlamlıqlarının möhkəmləndirilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili, habelə məhkumların badminton vasitəsilə cəmiyyətə inteqrasiyası, şəxsi inkişafının və psixoloji vəziyyətlərinin bərpa olunması, sağlam həyat tərzinin təbliğinə töhfə verməkdir.
Turnirdə I, II və III yerin qaliblərinə diplomlar, cəzaçəkmə müəssisələrində məhkumların mütəmadi olaraq badminton idman növü ilə məşğul olmaları məqsədilə müxtəlif idman ləvazimatları və digər hədiyyələr təqdim edilib.
Turnir Azərbaycan Badminton Federasiyasının 60 illik yubileyi çərçivəsində keçirilmiş silsilə tədbirlərdəndir. Yarış Azərbaycan Badminton Federasiyasının, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə təşkil olunub.
Qeyd edək ki, daha öncə Penitensiar Xidmətin 2 və 17 saylı cəzaçəkmə müəssisələrində “İdman həyatdır” adlı airbadminton turniri keçirilib. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən təsdiqlənən tədbirlər planına əsasən Azərbaycan Badminton Federasiyası və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə cari ilin sonuna kimi müxtəlif cəzaçəkmə müəssisələrində badminton turnirlərin keçirilməsi nəzərdə tutulub.

İdman 2022-11-08 18:49:00