×
A
A
A
Sazlamalar

Bakıda paracüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi olub

Bakı, 8 noyabr, AZƏRTAC

Noyabrın 8-də Bakıda paracüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi olub.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev İdman Konsert Kompleksində əvvəlcə yarış və turnirin iştirakçıları barədə məlumat verilib.
Sonra “Şuşam” Kamera Xorunun ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin rəqs qrupu maraqlı rəqs proqramı ilə çıxış edib.
Daha sonra dünya çempionatına həsr olunmuş videoçarxlar nümayiş olunub və mötəbər yarış açıq elan olunub.
Dünya çempionatında 41 ölkədən 250-dək idmançı medallar uğrunda mübarizə aparır. “Paris-2024” Yay Paralimpiya Oyunlarına lisenziya xalı verən yarışda ölkəmizi 13 paracüdoçu təmsil edir.
Qeyd edək ki, sentyabrda çempionatın loqosu, medalları və maskotu ictimaiyyətə təqdim olunub. Yarışın açılış mərasimi 8 Noyabr - Zəfər Gününə təsadüf etdiyindən, loqoda xarıbülbülün rənglərinə yer verilib. Səkkizguşəli ulduz formasında olan medalların üst tərəfində yarışa ev sahibliyi edəcək ölkənin adı və cüdoçuların fotoları yer alıb. Dünya çempionatının maskotu isə “Yenilməz” adlanır. Maskot Azərbaycan idmançılarının mübarizliyini əks etdirən alovlu oğlanı xatırladır.

İdman 2022-11-08 17:35:00