×
A
A
A
Sazlamalar

İğdırda Azərbaycanın Zəfər Günü təntənə ilə qeyd edilib

Bakı, 8 noyabr, AZƏRTAC
Türkiyənin İğdır şəhərində Azərbaycanın Qarabağda əldə etdiyi tarixi Zəfərin ikinci ildönümünə həsr olunmuş bayram tədbiri keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, şəhərin Atatürk küçəsindəki Heydər Əliyev parkında böyük coşqu ilə qeyd edilən izdihamlı tədbir Türkiyə-Azərbaycan Dostluq Dərnəkləri Federasiyası və İğdır-Azərbaycan Evi Dərnəyinin təşkilatçılığı ilə baş tutub. Tədbir Azərbaycan torpaqlarının erməni işğalından qurtulması və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin ehtiramla yad edilməsi ilə başlayıb.
Tədbirdə çıxış edən İğdır-Azərbaycan Evi Dərnəyinin sədri Sərdar Ünsal bu tarixi hadisəni Türkiyə-Azərbaycan qardaşlığının zirvəsi adlandırıb: “Azərbaycan türklərinin Ermənistana qarşı qazandıqları Qarabağ zəfəri Çanaqqala və Malazgirt zəfərləri kimi türk tarixinin böyük zəfərlərindəndir. Prezident İlham Əliyev 30 ilə yaxın işğal altında olan Azərbaycan torpaqlarını azad edib, Azərbaycanın ərazi bütövlüyünü təmin edib. Xalqımıza və türk dünyasına bu sevinci yaşadan qəhrəman Azərbaycan Ordusuna təşəkkür edirik. Qırx dörd günlük Vətən müharibəsində Qələbə uğrunda canlarını fəda etmiş 3 min şəhidin əziz xatirəsi önündə ehtiramla baş əyirik”.
Qeyd edilib ki, İkinci Qarabağ savaşı Türkiyə-Azərbaycan birliyini, türk millətinin gücünü bir daha dünyaya göstərdi: “Qarabağ Qələbəsi ilə Azərbaycan yeni dastan yazdı. Türk Birliyi xəyalımız indi hər zamankından daha yaxındır. Hamı gördü ki, bu, xəyal deyil”.
Bildirilib ki, işğalın bitməsi uğrunda mübarizə yeni türk dastanları yaradır, dünya türklüyünü sevincə, xoşbəxtliyə aparır: “Ulu öndər Heydər Əliyevin “İki dövlət, bir millət” ifadəsini şüar kimi qəbul etdik. Qazi Mustafa Kamal Atatürkün dediyi kimi, Azərbaycanın kədərini kədərimiz, sevincini sevincimiz bildik. Ona görə də bu gün sevincimizi bölüşmək və birlikdə qeyd etmək üçün bir yerdəyik. Qarabağ Zəfəri mübarək olsun!”.
İğdır vilayətinin bələdiyyə sədrlərinin, siyasi partiyaların və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin, yerli sakinlərin qatıldığı tədbir bədii proqramla davam edib.

Diaspor 2022-11-08 13:07:00