×
A
A
A
Sazlamalar

Gəncə Olimpiya İdman Kompleksində həndbol üzrə Azərbaycan birinciliyinin zona yarışlarına start verilib

Bakı, 8 noyabr, AZƏRTAC

Gəncə Olimpiya İdman Kompleksində həndbol üzrə 2006-cı il təvəllüdlü və ondan kiçik yaşlı yeniyetmə qızlar arasında Azərbaycan birinciliyinin zona yarışlarına start verilib.
Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Zəfər Gününə həsr olunan turnirdə əvvəlcə Vətənimizin azadlığı və müstəqilliyi uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan Həndbol Federasiyasının idman şöbəsinin rəhbəri, Avropa Həndbol Federasiyasının nümayəndəsi İsgəndər Əsgərov möhtəşəm Zəfər yolundan söz açaraq qeyd edib ki, Vətən müharibəsində qazanılan Qələbə böyük tarixi hadisədir. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli mövqeyi və şanlı Ordumuzun şücaəti sayəsində ölkəmizin işğal altında olan əraziləri 44 gün ərzində geri qaytarıldı.
Federasiya rəsmisi zona yarışlarının digər bölgələrdə keçiriləcəyini diqqətə çatdıraraq iştirakçılara uğurlar diləyib.
Açılış mərasimi başa çatdıqdan sonra Gəncə, Mingəçevir, Şirvan və Göygölü təmsil edən komandalar mübarizə aparıblar.
Turnirin ilk qarşılaşmalarında “Gəncə 1” komandası “Gəncə 2”yə 13:5 hesabı ilə qalib gəlib. “Göygöl” “Mingəçevir”i 3:1, “Şirvan” kollektivi isə “Gəncə 2”ni 4:0 hesabı ilə məğlub edib.
Gənclər və İdman Nazirliyinin və Azərbaycan Həndbol Federasiyasının təşkilatçılığı ilə keçirilən yarışlara noyabrın 9-da yekun vurulacaq.
Qeyd edək ki, qalib gələn komandalar gələn il Bakıda keçiriləcək Azərbaycan birinciliyinin final mərhələsində iştirak etmək hüququ qazanacaqlar.

 

İdman 2022-11-08 11:45:00