×
A
A
A
Sazlamalar

Şuşa əməliyyatı dünya hərb tarixində xüsusi yer tutur VİDEO

Bakı, 8 noyabr, Həsrət Mahmudova, AZƏRTAC

8 noyabr 2020-ci il... Bəli, iki il əvvəl məhz bu tarixdə müzəffər Ordumuz Şuşaya daxil oldu və bu qədim şəhəri düşmən işğalından azad etdi. İlk baxışda keçilməsi mümkünsüz görünsə də, qəhrəman əsgərlərimiz sıldırım qayalardan, çətin yollardan keçərək düşmənin müqavimətini qırdı və onu məğlub edərək Qələbə qazandı.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi şanlı Azərbaycan Ordusu Vətən müharibəsində 30 ilə yaxın erməni quldurlarının tapdağı altında qalan hər bir şəhər və kəndin işğaldan azad edilməsində qəhrəmanlıq səhifəsi yazdı. İndi işğalçılara qarşı aparılan “Dəmir yumruq” əməliyyatı dünyanın qabaqcıl ölkələrinin hərb məktəblərində öyrənilir. Həmin sırada Şuşa uğrunda döyüşlər xüsusi yer tutur. Bu şəhər təbii istehkam olduğundan oraya tank və digər ağır silahlarla girmək mümkün deyildi. Odur ki, alternativ variant kimi əlbəyaxa döyüş taktikası seçildi. Qəhrəman əsgər və zabitlərimiz yüngül silahlarla sıx meşələrdən, dərin dərələrdən keçərək, sıldırım qayalara, dağlara dırmaşaraq düşmənlə üzbəüz döyüşdə şəhəri azad ediblər. Xarici hərbi ekspertlərin də diqqət mərkəzində olan bu döyüşlər Azərbaycan Ordusunun əsgər və zabitlərinin yüksək döyüş taktikası seçməsinin, peşəkarlığının və vətənpərvərliyinin nəticəsi idi. Qəhrəman Azərbaycan övladları mükəmməl hərbi əməliyyat keçirərək cəsarət, rəşadət, qəhrəmanlıq, güc, milli ruh nümayiş etdirərək Şuşanı işğalçılardan azad ediblər və uzun fasilədən sonra noyabrın 8-də Şuşada Azərbaycan Bayrağı qaldırılıb.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşanın azad edilməsinin tarixi əhəmiyyətindən danışarkən deyib: “Şuşanın işğaldan azad edilməsi bizim gücümüzü göstərdi, Ordumuzun peşəkarlığını, hərbçilərimizin cəsarətini, qəhrəmanlığını göstərdi. Şuşanın götürülməsi çox böyük peşəkarlıq, cəsarət tələb edən əməliyyat idi. Əminəm ki, bu əməliyyat dünya hərb tarixində xüsusi yer tutacaqdır. Çünki bu əməliyyatı yalnız yüngül silahlarla silahlanmış bizim qəhrəman hərbçilərimiz dağlardan, meşələrdən, cığırlardan keçərək icra ediblər. Şuşanın işğaldan azad edilməsi bizim şanlı Qələbəmizdir”.
Tarixin sərt sınaqlarından keçərək bir çox hadisələrə şahidlik edən Şuşa 28 illik işğal dövründə də sınmadı, əyilmədi. Prezident İlham Əliyevin dediyi kimi, “İşğala baxmayaraq, Şuşa Azərbaycan ruhunu saxlaya bildi. Şuşaya gələn hər bir insan bunu görür. Hətta dağılmış vəziyyətdə, hətta işğal dövründə vandalizmə məruz qalmış şəkildə Şuşa öz ruhunu, öz qamətini saxlaya bildi, əyilmədi, sınmadı, bizi gözləyirdi, biz gəlməli idik və biz gəldik. Müzəffər xalq kimi gəldik”.
Bəli, biz 28 illik ayrılıqdan sonra Şuşaya qayıtdıq. Bizim bu qayıdışımızla Şuşaya yeni ruh, yeni nəfəs gəldi. Azadlığına qovuşmuş bu şəhər artıq böyük quruculuq, təmir-bərpa işlərinin, möhtəşəm tədbirlərin şahidinə çevrilir. Düşmən tapdağından azad edilmiş şəhərin yeni inkişaf dövrü başlayır.
Otuz ilə yaxın davam edən işğala 44 gün ərzində son qoyan qəhrəman hərbçilərimizdən bir neçəsi ilə həmsöhbət olduq. “Məğlubedilməz erməni ordusu” mifini dağıdan, döyüş meydanında düşmənə hərb və kişilik dərsi keçən şəhid və qazilərimiz tariximizin şanlı səhifələrinə və xalqın yaddaşına əbədi həkk olunublar. Zəfər tariximizin parlaq və unudulmaz səhifəsini vərəqlədikcə qürur duyuruq.
AZƏRTAC-ın müxbirləri xalqımıza möhtəşəm Zəfəri bəxş edən Azərbaycan Ordusunun hərbi qulluqçularının bir neçəsindən Şuşada müsahibələr alıb. Tarixi və qədim şəhərin fatehləri şəhid olan döyüş yoldaşlarını ehtiramla anaraq deyiblər: “Şuşanı düşmən əsarətindən xilas etmək bizim borcumuz idi. Məkrli düşməndən şəhidlərimizin qanını döyüş meydanında aldıq. Xalqımıza sevinc və Qələbə bəxş etməkdən qürur hissi keçiririk”.
Şuşa əməliyyatında iştirak edən əsgər və zabitlərimiz döyüşləri belə xatırlayırlar.

Şuşanı azad edəndən sonra ağlaya-ağlaya bir-birimizə sarılıb təbrik edirdik

İki il əvvəlki Şuşa əməliyyatına hazırlıqlar barədə danışan birlik komandiri, general-mayor Kənan Seyidov deyib: "Şuşa əməliyyatının olacağından məlumatımız var idi. Ona görə də çox yüksək səviyyədə hazırlığımız davam edirdi. Hətta Qarabağ ərazisinə oxşar əraziləri seçib orada yüksək səviyyədə hazırlıq keçirdik. Artıq əməliyyatın ilk günündə bir neçə saat keçəndən sonra Zəfər qazanacağımıza tam əmin idim. Şuşaya daxil olmamışdan əvvəl ətrafdakı yüksəkliklərdə idarəetmə məntəqələri seçmişdik və artıq bir necə gün əvvəl şəhərə daxil olmuşduq.
Əlbəttə, uğurlu hərbi əməliyyatın aparıldığı Şuşada - bu gözəl məkanda yenidən olmaq bizim üçün qürurvericidir. Şuşanın 1992-ci ildə düşmən tərəfindən işğal olunması anını xatırlayıram. Şəhərə daxil olanda orada şiddətli döyüşlər gedirdi. Bizi artilleriya ilə vururdular və düşmənin çox böyük atəş dəstəyi var idi. Amma buna baxmayaraq fürsət tapan kimi ağlaya-ağlaya bir-birimizə sarılıb təbrik edirdik. O anları sözlərlə ifadə etməyə çətinlik çəkirəm. Bu çox gözəl hisslər idi...

Çətin yollardan, sıldırım qayalardan keçərək...

Şuşa döyüşlərinin iştirakçısı, polkovnik-leytenant Cəmil Əsədov əbədi və əzəli torpaqlarımızın işğaldan azad etməyimizi sevinc və qürur hissi ilə xatırladığını deyib: "Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin verdiyi döyüş əmrinə əsasən Şuşanı bütün çətinliklərə sinə gərərək azad etməyimiz bizim üçün əhəmiyyətli idi. Biz rabitə üzrə fəaliyyət göstərirdik. Lələtəpədən Şuşaya qədər bütün döyüşlərdə iştirak etmişəm. Vətən müharibəsi günlərdə torpaqlarımızın ildırım sürəti ilə azad olunması əsgər və zabitlərimizdə böyük ruh yüksəkliyi yaradırdı. Otuz ildir gözləyirdik ki, doğma torpaqlarımızı işğaldan azad edək, şükürlər olsun buna da nail olduq. Rəşadətli Ordumuz Şuşaya çətin yollardan və sıldırım qayalardan keçərək çatdı. Şuşanı beş kilometr uzaqdan belə görərkən döyüş əmrini gözləmədən oranı işğaldan azad etməyə can atırdıq. Çünki Şuşa Azərbaycanın qədim şəhərlərindən biri, Qarabağımızın baş tacı və döyünən ürəyidir”.

Tarixi Zəfərin parlaq səhifəsi

Daşaltı istiqamətində döyüşlərdən bəhs edən baş gizir Seymur Qurbanov Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı Zəfərin xalqımızın tarixində yeni səhifə açdığını söyləyib. O, Şuşa istiqamətində döyüşlərdə iştirakı barədə danışaraq deyib: "Şuşa istiqamətində irəliləyərkən düşmənin bizi görməməsi üçün sıx meşəliklərdən keçərək Daşaltıya çatdıq. Ermənilər bizi intensiv atəşə tutduğundan dərələrdə gözləməli olduq. Bu zaman xeyli yaralanan əsgərlər oldu və biz onları həmin ərazidən çıxardıq.
Sonra bizə Şuşa istiqamətində rabitə əlaqəsi yaratmaq barədə komanda gəldi. Teleqülləyə qalxdıq. Ora çatanda düşmən dronunun başımızın üstündə hərəkət etdiyini gördük. Bizi vurmağa, irəliləməyə mane olmağa çalışırdılar. Buna baxmayaraq, verilən tapşırığı yerinə yetirdik, Şuşa istiqamətində rabitə əlaqəsi yaratdıq. Zabit və əsgərlərimizin şücaəti nəticəsində Şuşa tam işğaldan azad olundu və düşmən tamamilə torpaqlarımızdan qovuldu".

Əziz və azad Şuşa

Şuşanın dağlıq ərazidə yerləşdiyini vurğulayan polkovnik Habil Cümşüdov bildirib ki, Şuşa əməliyyatı nəinki Azərbaycan, həmçinin dünya hərb tarixində xüsusi yer tutur. Bu hərbi əməliyyatda xüsusi təyinatlıların rolunu qeyd etmək lazımdır. Bütün çətinliklərə və əzab-əziyyətə baxmayaraq, qarşıya qoyulmuş məqsədə nail olundu. Çünki xalqımız 30 il idi ki, Şuşanın azad olunması arzusu ilə yaşayırdı. Ona görə əsgər və zabitlərimiz o qədər ürəklə və həvəslə ölümü belə göz ardına alaraq bu əməliyyatın uğurla yekunlaşmasına töhfə verməyə can atırdı. Belə ərazidə əsgərlərin, zabitlərin çətinliklərə baxmayaraq düşmənə qalib gəlməsi qürurvericidir. "Şükürlər olsun ki, biz qarşımıza qoyulan məqsədə çatdıq. Bunu hər kəs bilməlidir ki, bu Qələbə yalnız Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin Qələbəsi deyildi. Bu, bütün Azərbaycan xalqının Qələbəsi idi. Qırx dörd gün davam edən müharibədə xalqımız Ordumuzu, dövlətimizin başçısının uğurlu siyasətini fəal şəkildə dəstəklədi. Müzəffər Ali Baş Komandanımızın “Dəmir yumruğ”u, onun iradəsi, apardığı siyasət bizim məqsədimizə nail olmağımıza böyük təkan verdi. İkinci Qarabağ müharibəsində üç minə yaxın şəhid Vətən uğrunda canını qurban verdi. Təbii ki, şəhidsiz torpaq almaq qeyri-mümkündür. Ancaq biz, bir evdən iki şəhid verib, “Ana Vətən sağ olsun” deyən xalqın nümayəndələriyik. Təbii ki, elə bir xalqın oğlu, Ordusu da bu Zəfəri əldə etməli idi.

X X X

Ötən iki ildə Şuşa şəhərində bir sıra mühüm infrastruktur layihələri icra olunub. Bunlardan biri igid oğullarımızın Şuşaya doğru dağların, meşələrin qoynu ilə irəliləyərək açdığı cığır boyu avtomobil yolunun salınmasıdır. Prezident İlham Əliyev Şuşaya 101 kilometrlik uzunluğu olan bu yolu “Zəfər Yolu” adlandırıb.
Şuşa - Qarabağın tacı, Qafqazın sənət məbədi, Azərbaycanın ictimai-siyasi, mədəni həyatında mühüm xidmətləri olan görkəmli xadimlərin vətəni, tarixi-mədəni abidələrlə zəngin şəhər, hərbi-strateji əhəmiyyətli qaladır. Burada bütün bərpa-quruculuq işləri planlı şəkildə aparılır, Şuşanın tarixi siması saxlanılır. Artıq bir çox abidələr bərpa olunub, “Xarıbülbül” və “Qarabağ” otelləri yenidənqurmadan sonra istifadəyə verilib, modul tipli xəstəxana fəaliyyətə başlayıb. Bərpa işlərinin sürəti deməyə əsas verir ki, çox keçmədən Şuşa nəinki Azərbaycanın, eləcə də dünyanın ən gözəl şəhərlərindən biri olacaq. Xalqımız qədim Şuşanın, eləcə də Qarabağın bu xoş günləri üçün qəhrəman hərbçilərimizə borcludur.

Ordu 2022-11-08 10:30:00

Video