×
A
A
A
Sazlamalar

Elmi seminar: Research.com portalının imkanları

Bakı, 5 noyabr, AZƏRTAC

İnformasiya Texnologiyaları İnstitutunda “Research.com portalının imkanları” (kompüter elmləri sahəsi üzrə) mövzusunda onlayn elmi seminar keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, elmi informasiya və elmmetriya şöbəsinin əməkdaşı Nərgiz Abdullayeva mövzuya dair təqdimatla çıxış edib. O qeyd edib ki, “research.com” portalı əsas etibarilə elmi araşdırmalar zamanı tədqiqatçıların işini asanlaşdırmaq məqsədini daşıyır.
Elmi cəmiyyətdə “research.com”un rolu və metodologiyası ilə bağlı məlumat verən məruzəçi bu resursun alimlər tərəfindən yaradılan platforma olduğunu, burada nüfuzlu konfranslar, jurnallar və tədqiqatçıların elmi göstəricilərinin araşdırıldığını deyib. Diqqətə çatdırıb ki, bu şəbəkə 1000 alim, 2760 konfrans, 15000-dən çox elmi jurnalı birləşdirir.
Məruzəçi portalın “Ən yaxşı alimlər”, “Ən yaxşı universitetlər”, “Ən yaxşı jurnallar”, “Ən yaxşı konfranslar” və digər nominasiyalar üzrə reytinq siyahıları hazırladığını deyib, həmçinin bəzi statistik göstəriciləri diqqətə çatdırıb. O, “research.com”un kompüter elmləri və elektronika sahəsindəki 9735-dən çox alim və təqaüdçü profilini təhlil etdiyini də söyləyib.
N.Abdullayeva akademik jurnallar, universitetlər, konfranslar, eləcə də alimlərin reytinq metodologiyası haqqında məlumat verib, həmçinin onların hansı elmi göstəricilərə əsasən hesablanma qaydasını şərh edib.
Sonra məruzəçi şöbə əməkdaşlarının suallarını cavablandırıb.
Şöbə müdiri Mədinə Səidova çıxış edənlərin tövsiyələrini nəzərə alaraq mövzunun genişləndirilməsi və məruzənin institutun elmi seminarında müzakirəyə çıxarılmasının məqsədə uyğun olduğunu bildirib.

Texnologiya 2022-11-05 17:07:00