×
A
A
A
Sazlamalar

Bakı-Şamaxı-Yevlax avtomobil yolunda daha bir piyada keçidinin tikintisinə başlanılıb

Bakı, 4 noyabr, AZƏRTAC

Prezident İlham Əliyevin vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək istiqamətində verdiyi göstəriş və tapşırıqlarına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlər həyata keçirilir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, bu istiqamətdə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 21,5-ci kilometrlik hissəsində yeni yerüstü piyada keçidinin tikintisinə başlanılıb.
Layihə üzrə keçidin ümumi uzunluğu 42,5 metr, hərəkət hissəsi 2,5 metr, aşırım hissəsinin uzunluğu 37,5 metrdir.
Yol səviyyəsindən hündürlüyü 5,5 metr təşkil edən keçid üstüaçıq metal konstruksiyadan ibarət olacaq. Hazırda keçiddə özül svaylarının vurulması, özül və dayaqların tikintisi aparılır.
İki giriş-çıxışdan ibarət olması nəzərdə tutulan keçiddə fiziki məhdudiyyətli insanların rahat hərəkətini təmin etmək üçün müasir lift sistemləri quraşdırılacaq.
Layihə çərçivəsində keçidin istismarına nəzarət edən işçilər üçün nəzarət otağının tikintisi, piyada keçidinin ətrafında abadlaşdırılma işlərinin görülməsi nəzərdə tutulub.
Qeyd olunub ki, piyada keçidləri vətəndaşların intensiv hərəkət etdiyi ərazilərdə inşa olunur. Məqsəd həm piyadaların rahat və təhlükəsiz şəraitdə avtomobil yollarını keçməsini təmin etmək, həm də avtonəqliyyat vasitələrinin fasiləsiz və maneəsiz hərəkətini təşkil etməkdir.
Tədbirlər planına uyğun olaraq cari ildə agentlik tərəfindən artıq M-4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 14,9 və 18,5-ci kilometrlik hissələrində 2 yeni yerüstü piyada keçidi tikilərək istifadəyə verilib. Hazırda sözügedən magistral yolun 20,2 və 25-ci kilometrlik hissələrində də yüngül konstruksiyalı keçidlərin inşası aparılır.

Tikinti̇ 2022-11-04 14:29:00