×
A
A
A
Sazlamalar

BDU-da hibrid formalı enerji sistemlərinin yaradılması və tətbiqi müzakirə olunub

Bakı, 4 noyabr, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasında növbəti elmi seminar keçirilib.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, seminarda laboratoriyanın əməkdaşı, Fizika fakültəsinin doktorantı Orxan Güləhmədov “Triboelektrik nanogeneratorlardan istifadə etməklə hibrid formalı enerji sistemlərinin yaradılması və tətbiqləri” mövzusunda məruzə ilə çıxış edib.
O.Güləhmədov bildirib ki, triboelektrik nanogeneratorlar (TENG) əsasında gündəlik həyatda müxtəlif alternativ enerji mənbələrindən (külək, Günəş, su dalğaları, insanların hərəkəti ilə bağlı olan biomexaniki enerji və s.) istifadə etməklə hibrid formalı enerji generasiya edən sistemlər yaratmaq olar. Bu da öz növbəsində enerji istehsalında daha yaxşı nəticələr əldə etməyə imkan verir. Bu istiqamətdə TENG-lərin istifadəsi olduqca aktual hesab olunur. Belə ki, onların tətbiqi ilə yeni növ enerji generasiya edən hibrid sistemlər və eyni zamanda, gündəlik həyatda ətraf mühitin, insanların sağlamlığının monitorinqini aparmaq üçün sensorlar hazırlamaq mümkündür.
Seminarın sonunda məruzəçi iştirakçıların mövzu ilə bağlı suallarını cavablandırıb.

Texnologiya 2022-11-04 11:00:00