×
A
A
A
Sazlamalar

Nazir: Qarabağ və Şərqi Zəngəzur xalis sıfır emissiyalı “yaşıl enerji” zonası kimi qurulur

Bakı, 3 noyabr, AZƏRTAC

Zəngilanda “Ağıllı kənd” layihəsi “yaşıl enerji” konsepsiyasına uyğun olaraq bərpaolunan enerji mənbələrindən istifadə edilməklə və enerji səmərəliliyi tələbləri nəzərə alınmaqla həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, bu sözləri energetika naziri Pərviz Şahbazov noyabrın 3-də Bakıda “Prezident İlham Əliyevin rəhbərliyi ilə postkonflikt quruculuğu modeli” mövzusunda keçirilən tədbirdə çıxışında söyləyib.
Pərviz Şahbazov qeyd edib ki, “yaşıl enerji” zonasının yaradılması ilə bağlı tədbirlər təkcə bərpaolunan enerjinin inkişafı ilə məhdudlaşmır, enerji keçidinin bütün komponentləri üzrə fəaliyyəti təşviq edir. Yəni, enerjinin ötürülməsində, paylanmasında ən effektli və “ağıllı” sistemlərdən, istilik, soyutma və isti su təchizatında, həmçinin küçə və yolların işıqlandırılmasında “yaşıl” texnologiyalardan, elektrik nəqliyyat vasitələrindən istifadə, elektrik doldurma məntəqələrinin, tikililərin damında günəş panellərinin quraşdırılması, enerji səmərəliliyi kimi çoxşaxəli məsələlərin əhatə olunduğunu bildirib.
“Bu gün bütün səylərimiz bu innovativ təcrübənin geniş tətbiqinə, azad edilmiş ərazilərimizi enerji səmərəliliyində nümunəvi bölgəyə çevirməyə səfərbər olunub. Qarabağ və Şərqi Zəngəzurun xalis sıfır emissiyalı “yaşıl enerji” zonası kimi qurulması 2050-ci ilə karbon emissiyalarının 40 faiz azaldılması hədəfimizə doğru aparan yolun əhəmiyyətli hissəsidir. Prezident İlham Əliyevin həyata keçirtdiyi məqsədyönlü siyasət çərçivəsində görülən bütün bu işlərlə Azərbaycan postkonflikt quruculuğu modeli ilə də mükəmməl bir örnək yaradacaq, ölkəmizin sülh amalı, quruculuq əzmi, bu günə və gələcəyə aydın strateji baxışı bölgəni davamlı inkişaf məkanına çevirəcək”, - deyə nazir qeyd edib.

Energetika 2022-11-03 18:15:00