×
A
A
A
Sazlamalar

Elm müsabiqəsinə qatılmaqla Beynəlxalq Astronavtika Konqresində iştirak etmək fürsəti əldə edin

Bakı, 3 noyabr, AZƏRTAC

Azərbaycan 2023-cü il oktyabrın 2-6-da “Qlobal çağırışlar və imkanlar: kosmosa şans verək” mövzusuna həsr olunmuş Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək.
Bütün dünyadan, o cümlədən Azərbaycandan olan elm adamları kosmosun imkanlarına həsr olunmuş 180 texniki sessiyada və digər tədbirlərdə çıxış edə biləcək.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Azərkosmos elmlə məşğul olan insanları Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konqresi çərçivəsində elm müsabiqəsində aktiv iştirak etməyə dəvət edir. Müsabiqə iştirakçılara elmi işlərini və ya məqalələrini kosmik sahənin ən böyük tədbirində təqdim etmək imkanı verir.
2023-cü ildə Bakıda baş tutacaq konqresin hazırlıq prosesinin bir hissəsi olaraq Azərkosmos azərbaycanlı alimləri, elm adamlarını, o cümlədən tədqiqatçıları bir sıra sahələr üzrə elmi işlərini təqdim etməyə dəvət edir: Elm və tədqiqat – gündəlik həyatda kosmosun təsiri, kosmik tədqiqat, kosmik tullantılar və Yerdən kənar tədqiqat da daxil olmaqla missiyaları təmin edən kosmik sistemlər və aparatlar haqqında; Tətbiqlər və əməliyyatlar – Yer müşahidəsi, rabitə, naviqasiya, insanın kosmik sahədə gördüyü işlər və kiçik peyklər daxil olmaqla davam edən və gələcək əməliyyat tətbiqləri; Texnologiya – astrodinamika və kosmik sistemlər üçün ümumi texnologiyalar; İnfrastruktur – kosmik sistemin daşınması, gələcək sistemlər və təhlükəsizlik daxil olmaqla kosmik missiyaları təmin edən sistemlər; Kosmos və cəmiyyət – kosmosun cəmiyyətlə qarşılıqlı əlaqəsi, o cümlədən təhsil, siyasət, iqtisadiyyat, tarix və hüquq sahələrində kosmosun təsiri; Kosmik sahədə innovasiyalar.
Elm müsabiqəsi üzrə xülasələrinizi 2023-cü il fevralın 27-dək “https://iafastro.directory/iac/account/login/” veb-saytından qeydiyyatdan keçirə bilərsiniz.
Ən yaxşı elmi işlərin müəlliflərinin Beynəlxalq Astronavtika Konqresindəki qeydiyyat xərcləri Azərkosmos tərəfindən qarşılanacaq. Onlar öz elmi məqalələrini konqresə gələcək beynəlxalq kosmik ictimaiyyət qarşısında təqdim edəcək.
Elmi işlərin qəbulu haqqında son qərar Beynəlxalq Astronavtika Konqresinin Proqram Komitəsi tərəfindən veriləcək.
Müsabiqənin vacib məqamları ilə bağlı məlumatları keçiddən əldə edə bilərsiniz: “https://azercosmos.az/az/media-center/news/get-the-opportunity-to-join-the-iac-by-participating-in-the-science-competition”.

İKT 2022-11-03 18:02:00