“Baksol" yolunun asfaltlanmasına başlanılıb VİDEO
Bakı, 2 noyabr, AZƏRTAC
Cari ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Bakı şəhərinin Binəqədi rayonu üzrə ümumi uzunluğu 13,06 kilometr təşkil edən küçə və yolun təmiri işləri aparılır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, bu istiqamətdə rayonun M.Ə.Rəsulzadə qəsəbəsi üzrə “Baksol” yolu adlanan avtomobil yolunda təmir işləri davam etdirilir.
Məlumata əsasən, AAYDA tərəfindən ümumi uzunluğu 3,21 kilometr olan yolda aparılan işlər tərtib olunmuş qrafikə uyğun və texnoloji ardıcıllıqla həyata keçirilir.
Təmir işləri çərçivəsində yolboyu zəruri yerlərdə əsasın deformasiyaya uğramış hissələrin qazılaraq kənarlaşdırılması, əks-dolğu, yeni səki daşlarının düzülməsi və yolboyu köhnə asfalt örtüyünün frezlənməsi işləri aparılır. Artıq yolun 700 metrlik hissəsində yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur.
Layihənin sonuncu mərhələsində avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün yol-cizgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkilməklə müasir yol infrastrukturu yaradılacaq.
Qeyd olunub ki, işlərin aparılacağı müddət ərzində yolboyu təmir olunan hissə üzrə avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə məhdudlaşdırılacaq. Bu səbəbdən sürücülərdən aparılacaq təmir işlərinə anlayışla yanaşmaları, qeyd olunan yolda hərəkətdə olarkən diqqətli olmaları və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.
Tikinti müəssisələrində investisiya resurslarından səmərəli istifadə olunmalıdır
Bayram tətili günlərində paytaxt yollarında təmir işləri aparılıb
Qarabağın bərpası, yenidən qurulması istiqamətində investisiyalar böyük əhəmiyyətə malikdir
AAYDA tərəfindən son həftə ərzində görülən işlər barədə məlumat yayılıb
Tikinti-quraşdırmada istehsalçı qiymət indeksləri 101,7 faiz təşkil edib