×
A
A
A
Sazlamalar

Saxta jurnalların identifikasiyası metodları analiz edilir

Bakı, 2 noyabr, AZƏRTAC
İnformasiya Texnologiyaları İnstitutunun növbəti onlayn elmi seminarı keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, böyük elmi işçi texnika üzrə fəlsəfə doktoru Rəhilə Həsənova “Saxta jurnalların identifikasiyası metodlarının analizi” mövzusunda məruzə ilə çıxış edib. R.Həsənova saxta jurnallar haqqında məlumat verib, onlarla bağlı beynəlxalq akademik bazalarda 2015-2022-ci illərdə dərc edilən məqalələrin analitik təhlilini təqdim edib.
Məruzəçi “yırtıcı” jurnalların identifikasiyası üçün mövcud kriteriyaları sadalayaraq, bu jurnalların ölkələr, illər, elm sahələri və s. üzrə artım tempini əks etdirən diaqram və cədvəlləri nümayiş etdirib.
R.Həsənova, həmçinin “SCOPUS” bazasında aşkarlanmış “yırtıcı” jurnal və məqalələrin statistikasını təqdim edib. Qeyd edib ki, jurnalın beynəlxalq akademik bazada indeksləşməsi belə onun tam orijinal olmasına zəmanət vermir.
Mövzu ilə bağlı fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.
Sonda şöbə rəhbərləri – AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev və Mədinə Səidova məruzəyə dair fikirlərini bölüşüblər, mövzunun daha dərindən araşdırılması ilə bağlı təklif və tövsiyələrini səsləndiriblər.

Texnologiya 2022-11-02 17:05:00