×
A
A
A
Sazlamalar

Özünü nazirlik əməkdaşı kimi təqdim edərək dələduzluq törədən şəxs həbs olunub

Bakı, 2 noyabr, AZƏRTAC

Özünü sosial şəbəkələrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı kimi təqdim edərək vətəndaşlara qarşı dələduzluq edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinə (DİN) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi feysbuk səhifəsində paylaşılan məlumatların şərh bölməsinə müraciəti daxil olan vətəndaşlarla sonradan əlaqə yaradaraq özünü həmin qurumun əməkdaşı kimi təqdim edən naməlum şəxsin insanlara qarşı dələduzluq etdiyi barədə müraciət daxil olub.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-texniki tədbirlər nəticəsində qeyd edilən qanunsuz əməli törətməkdə şübhəli bilinən paytaxt sakini əvvəllər məhkum olunmuş Vüqar Əhmədov saxlanılıb.
Araşdırma zamanı müəyyənləşdirilib ki, Vüqar Əhmədov feysbuk sosial şəbəkəsində “Həsən Ağayev” və digər saxta profillər yaradaq orada həmin dövlət qurumunun əməkdaşı olduğu barədə informasiyalar yerləşdirib.
Daha sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi səhifəsinin şərh bölməsinə yazan vətəndaşlarla əlaqə yaradaraq onların müraciətlərini qısa zamanda həll edəcəyi barədə yalan vədlər verib. Vüqar Əhmədov bunun müqabilində zərərçəkənlərdən onun kartına müxtəlif məbləğlərdə maddi vəsaitin köçürülməsini tələb edib. Həmin vəsaitləri əldə edəndən sonra isə zərərçəkənlərin onunla bir daha əlaqə yaratmaması üçün mobil telefonlarını və sosial şəbəkə hesablarını bloklayıb.
Faktla bağlı Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə cinayət işi başlanılıb. Vüqar Əhmədov təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Bu şəxsin qanunsuz əməllərindən zərərçəkən digər vətəndaşlar varsa, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edə bilərlər.

 

Hadisə 2022-11-02 14:54:00