Bakıda mopedlə narkotik vasitələrin satışını həyata keçirən şəxs həbs edilib VİDEO
Bakı, 2 noyabr, AZƏRTAC
Binəqədi Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat nəticəsində paytaxt ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən narkotik vasitələrin satışını və paylanmasını təşkil edən daha bir nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı Amil Sərhədov tutularaq istintaqa təqdim edilib. Onun üzərinə və Yasamal rayonundakı evinə baxış zamanı ümumilikdə 2 kiloqrama yaxın müxtəlif növdən olan narkotik vasitə aşkarlanaraq götürülüb.
A.Sərhədov ifadəsində qanunsuz yollarla ölkə ərazisinə gətirilən narkotik vasitələrin Bakı şəhərində satışını və paylanmasını təşkil etdiyini bildirib. O, əvvəlcədən təyin olunan ünvanlara narkotikləri çatdırmaq və ətrafdakı insanların diqqətini cəlb etməmək üçün kuryer görüntüsü yaradaraq mopeddən istifadə edib.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücülər saxlanılıblar
DİN: Son 20 gündə 250 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb VİDEO
Paytaxt sakininə qarşı quldurluq edilib