×
A
A
A
Sazlamalar

İndiyədək ölkədə 650 minə yaxın ev təsərrüfatı fiber-optik internetlə təmin olunub

Bakı, 1 noyabr, AZƏRTAC

Ölkə ərazisində 649 min ev təsərrüfatı GPON (Gigabit Passive Optical Networks) texnologiyası əsasında sürətli və kəsintisiz fiber-optik internetlə təmin olunub. Optik kabel texnologiyasının son trendi hesab edilən GPON ənənəvi mis kabel xətləri olmadan yüksəksürətli məlumat ötürülməsinə və hava şəraitindən asılı olmayaraq kəsintisiz xidmət göstərilməsinə imkan yaradır.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Azərbaycanda bu texnologiya ilə fiber-optik şəbəkənin qurulmasına ilk dəfə 2017-ci ildə başlanılsa da, 2021-ci ildən etibarən daha geniş miqyasda tətbiq edilir. Belə ki, 2017-2020-ci illərdə qurulmuş fiber-optik şəbəkənin əhatə etdiyi ev təsərrüfatlarının sayı 227 min olub. Ancaq təkcə 2021-2022-ci il ərzində 422 min ev təsərrüfatı üçün fiber-optik şəbəkə qurulub. Ümumilikdə, indiyə kimi ölkə ərazisində 649 min ev təsərrüfatı fiber-optik internetlə təmin edilib.
Ölkə ərazisində GPON texnologiyası əsasında sürətli və kəsintisiz fiber-optik şəbəkənin qurulması “Onlayn Azərbaycan” layihəsi çərçivəsində həyata keçirilir. Bu layihənin əsas məqsədi dövlət-özəl tərəfdaşlıq modeli əsasında bir neçə telekommunikasiya operatorunun birgə səyləri nəticəsində 2024-cü ilin sonuna qədər minimum 25 Mbit/s internet sürəti ilə bütün ölkəni əhatə edən genişzolaqlı şəbəkə qurmaqdan ibarətdir.
Layihənin əsas operatoru olan “Aztelekom” MMC telekommunikasiya infrastrukturunun yenilənməsi və müasir beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində işləri həyata keçirir. Hazırda Bakı, Abşeron, Şəmkir, Cəlilabad, Tovuz, Qazax daxil olmaqla, 60 rayon və şəhərdə GPON və digər genişzolaqlı texnologiyalarla sürətli internetin təmin olunması davam etdirilir.
Regionlarda görülən işlərin tərkib hissəsi olaraq, işğaldan azad olunmuş ərazilərdə öz dədə-baba yurdlarına qayıdan vətəndaşlarımız üçün sabit telefon şəbəkəsi və sürətli internet xidməti göstərilir. Bununla yanaşı, əhali təchiz edilmiş sürətli internet vasitəsilə artıq ən ucqar kəndlərdə də rəqəmsal imkanlardan yararlana bilir. İndi məktəblilər Lahıc, Xınalıq kimi ucqar dağ kəndlərində belə asanlıqla fiber-optik internetlə onlayn təhsil almaq imkanı əldə ediblər.

İKT 2022-11-01 14:14:00