×
A
A
A
Sazlamalar

Bakıda SPECA ölkələrinin iştirakı ilə yüksək səviyyəli konfrans keçirilib

Bakı, 31 oktyabr, AZƏRTAC

Oktyabrın 31-də Bakıda BMT-nin Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatı üçün Xüsusi Proqramı – SPECA ölkələri üçün “Birləşmiş Millətlər Təşkilatının standartlarından istifadə etməklə təchizat zəncirlərində məlumat mübadiləsinin rəqəmsal transformasiyası” mövzusunda yüksək səviyyəli konfrans keçirilib.
Konfrans Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN), ölkəmizin Cenevrə şəhərindəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyinin, həmçinin BMT-nin Avropa İqtisadi Komissiyasının birgə təşkilatçılığı ilə baş tutub.
RİNN-dən AZƏRTAC-a bildirilib ki, tədbirdə SPECA ölkələrinin müvafiq qurumlarının, BMT-nin və digər beynəlxalq təsisatların, habelə özəl sektor nümayəndələri iştirak ediblər.
Konfransın məqsədi SPECA ölkələri arasında rəqəmsal nəqliyyat bağlantılarının inkişafında beynəlxalq standartların tətbiq olunması və bu sahədə mövcud təcrübə mübadiləsinin aparılmasıdır.
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev çıxışında bildirib ki, SPECA proqramı üzv ölkələr arasında regional və qlobal iqtisadi inteqrasiyanın təşviqində, milli prioritetlərin maliyyələşdirilməsi üçün resurslarının cəlbində, eləcə də UNECE və UNESCAP standartlarının tətbiqinin stimullaşdırılmasında müsbət rol oynayır.
Rəşad Nəbiyev Azərbaycanın SPECA-ya 2002-ci ildə qoşulduğunu və fəal üzv olduğunu diqqətə çatdırıb.
Nazir, son illərdə ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan hökuməti tərəfindən müasir nəqliyyat və logistika infrastrukturunun qurulduğu barədə məlumat verib: “Müxtəlif avtomobil və dəmir yollarının salınması, yeni beynəlxalq hava limanlarının istifadəyə verilməsi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi və Ələt Azad İqtisadi Zonasının yaradılması Azərbaycanı beynəlxalq nəqliyyat və logistika mərkəzinə çevirib”.
“Bu gün ölkəmiz nəqliyyat infrastrukturuna, xüsusən də Qarabağın avtomobil və dəmir yollarına investisiya yatırır və şimal nəqliyyat şəbəkələrini cənub və şərq şəbəkələri ilə birləşdirərək regionun tarixi əlaqəsini bərpa edir”, – deyə Rəşad Nəbiyev vurğulayıb.
Tədbirdə Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanın müvafiq sahəvi qurumlarının rəhbər şəxsləri, BMT-nin Avropa İqtisadi Komissiyasının İcraçı direktoru Olqa Alqayerova və digər beynəlxalq təsisatların rəhbərləri və nümayəndələri çıxış ediblər.
Çıxışlarda konfransın əhəmiyyəti qeyd olunub və birgə həyata keçiriləcək layihələr barədə danışılıb.

 

İKT 2022-10-31 18:45:00