×
A
A
A
Sazlamalar

Sabiq məktəb direktorunun qanunsuz hərəkətləri barədə olan cinayət işi məhkəməyə göndərilib

Bakı, 31 oktyabr, AZƏRTAC

Xəbər verildiyi kimi, mediada məktəb direktorunun səs yazısının yayılması faktı ilə bağlı Ağstafa Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
Ağstafa Rayon Prokurorluğunun AZƏRTAC-a verilən məlumata görə, aparılmış istintaq zamanı, Ağstafa rayonunun Aşağı Kəsəmən kənd tam orta məktəbinin sabiq direktoru Mətanət Məmmədovanın işlədiyi müddətdə öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək həmin məktəbin müəllimlərindən təyin edilmiş dərs saatlarına görə müxtəlif məbləğlərdə pul tələb edərək almasına əsaslı şübhələr müəyyənləşdirilib.
Mətanət Məmmədovanın Cinayət Məcəlləsinin 179.2.2-ci, 179.2.3-cü (mənimsəmə və ya israf etmə - şəxs tərəfindən öz qulluq mövqeyindən təkrar istifadə etməklə törədildikdə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddələr ilə təqsirləndirilməsinə dair cinayət işinin istintaqı yekunlaşaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.

Hadisə 2022-10-31 18:34:00