Xayme Arqueyes Alvares: Qarabağda enerji layihələrinin həyata keçirilməsində maraqlıyıq
Madrid, 31 oktyabr, AZƏRTAC
Qarabağda enerji, bərpaolunan enerji mənbələri, mədən və yükləmə-boşaltma sahələrində layihələrin həyata keçirilməsində çox maraqlıyıq. Biz öz geniş təcrübəmizi bölüşərək yüksəkixtisaslı komanda, eləcə də texnologiyalarımızı təqdim edə bilərik.
Bu sözləri AZƏRTAC-ın müxbirinə müsahibəsində İspaniyanın iri enerji şirkəti olan “Duro Felguera”nın baş direktoru Xayme Arqueyes Alvares deyib.
Baş direktor “Duro Felguera”nın fəaliyyətindən danışaraq İspaniyanın Asturias şəhərində yerləşən transmilli şirkətin 160 ildən artıq tarixə malik olduğunu qeyd edib.
“Biz EPC (Mühəndislik, Satınalma və Tikinti) və ya tam tikinti-təslim layihələrinin kompleks icrasında, həmçinin enerji və sənaye sahələrində xidmətlərin göstərilməsində ixtisaslaşan qabaqcıl mühəndislik şirkətlərindənik. Şirkətimizin fəaliyyəti ənənəvi enerji, bərpaolunan enerji mənbələri və ekoloji cəhətdən təmiz hidrogen, mədən və emal, neft və qaz, sənaye müəssisələri, rəqəmsal transformasiya istiqamətindədir”, - deyə X.Alvares bildirib.
Baş direktor vurğulayıb ki, dünya üzrə 26 giqavattdan çox quraşdırılmış ənənəvi enerji sektorunda qlobal təcrübə və imkanlara əsaslanaraq şirkət hazırda bərpaolunan enerji sektoruna, xüsusilə hidrogenə diqqət yetirir. Xayme Alvares bildirib ki, “Duro Felguera” mədənçıxarma, neft, bərpaolunan enerji və ümumilikdə sənaye ilə bağlı sektorlarda böyük potensiala malik ölkələrlə tərəfdaşlıq etməyə çalışır, yeni biznes əlaqələri və mövcud bazarlara alternativlər axtarır.
“Azərbaycan, bildiyiniz kimi, çox böyük mavi yanacaq, neft və digər mühüm faydalı minerallara malikdir. Biz də öz növbəmizdə, 20 ildən artıqdır ki, beynəlxalq miqyasda elektrik enerjisi istehsalı üzrə layihələr həyata keçirən şirkət kimi Azərbaycanla gələcək qarşılıqlı faydalı əməkdaşlıq üçün böyük imkanlar görürük. Hazırda Azərbaycanla işgüzar əlaqələr qurulur. Azərbaycan şirkətləri ilə əməkdaşlığın qurulması və genişləndirilməsində köməklik göstərən Azərbaycanın İspaniyadakı səfiri Ramiz Həsənova minnətdarlığımı bildirmək istəyirəm. Hazırda Azərbaycanda 44 kilometr uzunluğunda boruşəkilli yer kəməri (boruvari konveyer) vasitəsilə kütləvi materialların daşınması zamanı emissiyaların minimuma endirilməsi layihəsinin həyata keçirilməsinə baxılır”, - deyə X.Alvares bildirib.
O qeyd edib ki, enerjiyə keçid tendensiyası kontekstində qlobal enerji sisteminin transformasiyasının bu həlledici məqamında “Duro Felguera” etibarlı tərəfdaşdır. Şirkət Azərbaycanın fotoelektrik və külək enerjisi sahəsində geniş potensialı sayəsində ölkənin, xüsusən də Qarabağda “yaşıl” enerjiyə keçidi prosesində iştirak etməyə hazırdır.
Xayme Alvares Azərbaycanın “Duro Felguera” üçün yeni biznes məkan olacağına ümid etdiyini söyləyərək bununla da iki ölkə arasında uzunmüddətli qarşılıqlı faydalı əməkdaşlığın əsasının qoyulacağını diqqətə çatdırıb.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid
“Azərişıq”: Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin tikintisi davam edir
Macarıstan gələn il Türkiyədən qaz tədarükünə başlayacaq
Azərbaycanda elektrik enerjisi istehsalı artıb
Mingəçevirdə müstəqillik dövrünün ən böyük elektrik stansiyası tikilir
“Azərişıq” ASC Hacıqabulda yenidənqurma işlərini davam etdirir