×
A
A
A
Sazlamalar

Şahmat üzrə Azərbaycan millisində yeni adlar

Bakı, 29 oktyabr, AZƏRTAC

Noyabrın 19-da İsraildə şahmat üzrə komandalar arasında rapid üzrə dünya çempionatına start veriləcək.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Şahmat Federasiyası kişi şahmatçılardan ibarət milli komandanın heyətini müəyyənləşdirmək üçün seçim turniri keçirmək barədə qərar qəbul edib. İsraildə dünya çempionatında iştirak edəcək millinin dörd üzvü seçim turnirinin nəticəsinə əsasən məlum olub.
Rapid turnirində 4,5 xal toplayan Aydın Süleymanlı yarışın qalibi olub. Eyni xala malik Qədir Hüseynov əlavə göstəricilərə görə, ikinci yeri tutub. Aktivində 4 xal olan Vüqar Əsədli və Rauf Məmmədov yarışı müvafiq olaraq 3-4-cü yerlərdə başa vurublar.
Beləliklə, Aydın Süleymanlı, Qədir Hüseynov, Vüqar Əsədli və Rauf Məmmədov rapid üzrə komandalar arasında dünya çempionatında Şəhriyar Məmmədyarovla Teymur Rəcəbovla birgə Azərbaycan milli komandasının şərəfini qoruyacaqlar.
Qeyd edək ki, Aydın Süleymanlı və Vüqar Əsədli əsas milli komandaya ilk dəfə dəvət olunur.

İdman 2022-10-29 00:47:00