×
A
A
A
Sazlamalar

Məşhur kosmoloq, astrofizik Lorens Kraus Bakıda səfərdədir

Bakı, 28 oktyabr, AZƏRTAC

Azərkosmos və “SABAH” qruplarının tərəfdaşlığı, “Coca-Cola” şirkətinin dəstəyi ilə məşhur kosmoloq, nəzəri fizik və astrofizik Lorens Maksvel Kraus Bakıya səfər edib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən (RİNN) AZƏRTAC-a bildirilib ki, onlayn formatda keçirilən təhsil, elm və texnologiyalar forumu – Beynəlxalq Nobel Festivalı (NobelFest) çərçivəsində Bakıya gələn alim Azərkosmosun qonağı olub.
L.M.Krausa Azərbaycanın kosmik sahə üzrə layihələri və Azərkosmosun fəaliyyəti haqqında ətraflı məlumat verilib.
L.M.Kraus bu gün RİNN-nin nümayəndələri ilə də görüşüb. O, nazirliyin fəaliyyət istiqamətləri və ölkədə aparılan rəqəmsallaşma prosesi barədə məlumatlandırılıb.
Astrofizik daha sonra Bakı Dövlət Universitetində “SABAH” qrupunun tələbələri ilə görüşüb. O, gənclərə kainatın mənşəyi və təkamülü, “James Webb” teleskopunun imkanları barədə danışıb. Görüş tələbələrin aktiv sual-cavab sessiyası ilə davam edib.
Milli Aviasiya Akademiyasında keçirilən seminarda isə L.M.Kraus kainatın yaranması ilə bağlı kosmoloji nəzəriyyə, kainatda enerji, qalaktikaların formalaşması və təkamülü, iqlim dəyişikliyi kimi maraqlı mövzulara toxunub.
Qeyd edək ki, Lorens Maksvel Kraus Kanada əsilli amerikalı alimdir, müasir elm dünyasına saysız-hesabsız töhfələr verib. Məşhur “Ulduz yolu fizikası” (The Physics of Star Trek) və “Heç nədən yaranan Kainat” (A Universe from Nothing) kimi bestseller kitabların müəllifidir.
L.M.Kraus 1995-ci ildə kainatın enerji sıxlığında kosmosun enerjisinin üstünlük təşkil etdiyi fikrini irəli sürüb və 2011-ci ildə bu kəşfinə görə Nobel mükafatı alıb.
L.M.Kraus 40 illik karyerası ərzində ABŞ və başqa ölkələrdə fərqli universitetlərdə işləyib. Həmçinin yeddi il Astronomiya və Astrofizika Tədqiqat Məktəbində (Avstraliya), on il Yer Kürəsi və Kosmos Tədqiqat Məktəbində (Arizona) və digər elmi müəssisələrdə çalışıb.
O, 500-dən çox məqalə və 11 kitabın müəllifidir. Ən yeni kitabı “Məlum olmayanlar: kosmosun çözülməmiş sirləri” (The Known Unknows: Unsolved Mysteries of the Cosmos) 2023-cü ilin may ayında işıq üzü görəcək.
L.M.Krausun tədqiqat sahələri elementar hissəciklərin fizikası və kosmologiyadır. O, “The New York Times”, “The Wall Street Journal”, “The New Yorker” kimi nüfuzlu jurnal və qəzetlər üçün məqalələr yazır, müntəzəm olaraq televiziya və radiolarda çıxış edir.

 

İKT 2022-10-28 19:23:00