×
A
A
A
Sazlamalar

Gömrük ödənişlərindən yayınma cəhdinin qarşısı alınıb

Bakı, 28 oktyabr, AZƏRTAC

Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən gömrük nəzarəti tədbirləri nəticəsində külli miqdarda gömrük ödənişlərindən yayınma məqsədilə malları düzgün bəyan etməmə faktı aşkarlanıb.
Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, ölkə ərazisinə gətirilən və Azərbaycan vətəndaşı Ağamalıyev Vahid Rəşid oğlu tərəfindən bəyan edilən mallara Bakı Baş Gömrük İdarəsində gömrük yoxlaması həyata keçirilib.
Yoxlama zamanı malların bir qisminin sayının bəyannamədə göstəriləndən dəfələrlə çox olduğu müəyyən edilib.
Bəyan edilən mallar arasında “qəlyan üçün ağızlıqlar” 116 min ədəd göstərilsə də, faktiki olaraq 1 milyon 160 min ədəd, “elektron siqaretlər” 1720 ədəd göstərilsə də, faktiki olaraq 7884 ədəd, “ülgüclər” 1104 ədəd göstərilsə də, faktiki olaraq 5152 ədəd, həmçinin digər malların olduğu aşkarlanıb.
Bundan əlavə 5190 ədəd qəlyan tütünü, 500 qutu stomatoloji (sinir iynəsi) ləvazimatlar, 1 ədəd “Akvafor” markalı su filtri, 1 ədəd “Sintering Furnance” markalı stomatoloji selizator aparatının, ümumiyyətlə gömrük orqanına bəyan olunmadığı müəyyən olunub.
Faktla bağlı araşdırma aparılır.

Hadisə 2022-10-28 19:03:00