×
A
A
A
Sazlamalar

Fövqəladə Hallar Nazirliyinin qurumları arasında voleybol üzrə çempionat keçirilib

Bakı, 28 oktyabr, AZƏRTAC

Oktyabrın 24-dən 28-dək Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-sağlamlıq klubunun arenasında nazirliyin qurumları arasında Milli Olimpiya Komitəsinin yaranmasının 30 illiyinə və FHN-in Mülki Müdafiə Qoşunlarının əməkdaşı olan Şəfiyev Rəşad Vaqif oğlunun 44 günlük Vətən müharibəsi zamanı şəhid olmasının ikinci ildönümünün yad edilməsinə həsr olunmuş voleybol idman üzrə çempionat keçirilib.
AZƏRTAC xəbər verir ki, FHN-in İdman-sağlamlıq klubunun və Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının birgə təşkilatçılığı, Azərbaycan Voleybol Federasiyasının dəstəyi ilə keçirilən çempionatda nazirliyin qurumları üzrə 15 komandasından 150-ə yaxın idmançı iştirak edib.
Beş gün davam edən çempionatın final mərhələsini yarışda iştirak edən komandaların təmsil etdikləri qurumların rəhbərləri izləyiblər.
Əvvəlcə torpaqlarımızın azad olunması, sərhədlərimizin toxunulmazlığı və vətən uğrunda Qarabağ müharibəsində canlarını fəda edən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla anılıb.
Tədbirin açılışında FHN-in İdman-sağlamlıq klubunun rəisi Füzuli Musayev, FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov çıxış edərək şəhid Rəşad Şəfiyevin həyat fəaliyyətindən söz açıb, onun Mülki Müdafiə Qoşunlarında vətənpərvər hərbi qulluqçusu kimi işgüzar, məsuliyyətli, qısa vaxtda kollektivin hörmətini qazandığını bildiriblər.
Sonra isə ölkəmizdə idmanın inkişafı istiqamətində görülən işlərdən, yarışın əhəmiyyətindən, eyni zamanda, nazirliyin əməkdaşlarının idman uğurlarından danışıb, yarışın qaliblərini təbrik ediblər.
Qeyd edək ki, çempionatda iştirak edən komandalar dörd qrupa bölünüb və 4 qrupdan birinci və ikinci yerləri tutan kollektivlər növbəti mərhələyə vəsiqə qazanıblar.
Üçüncü yer uğrunda keçirilən görüşdə Mülki Müdafiə Qoşunlarının komandası Qarabağ Regional Mərkəzinin komandasına qalib gələrək çempionatın bürünc medalına sahib çıxıb. Finalda isə Dövlət Yanğından Mühafizə Xidmətinin komandası Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin komandasını məğlub edərək yarışın qalib olub.
Sonra qaliblərə kubok, medal və qiymətli hədiyyələr təqdim olunub.

İdman 2022-10-28 15:05:00