® “Rəqəmsal İpək Yolu” layihəsi Türk Dövlətləri Təşkilatının diqqət mərkəzində
Avropa ilə Asiya arasında Azərbaycan vasitəsilə rəqəmsal dəhlizin yaranmasını nəzərdə tutan “Rəqəmsal İpək Yolu” (Digital Silk Way) layihəsinin icrasında Türk Dövlətləri Təşkilatına üzv ölkələrin iştirakı oktyabrın 25-də Özbəkistanın Səmərqənd şəhərində keçirilmiş təşkilatın İnformasiya və Kommunikasiya Texnologiyaları (İKT) üzrə İşçi Qrupun 5-ci iclasında müzakirə edilib.
“Rəqəmsal İnfrastrukturun İnkişafı” adı altında keçirilmiş tədbirə “AzerTelecom” şirkətinin Direktorlar Şurasının sədri Fuad Allahverdiyev və şirkətin Əməliyyatlar üzrə baş direktoru Sergey Nazarenko qatılaraq “AzerTelecom” şirkəti tərəfindən icra olunan “Rəqəmsal İpək Yolu” layihəsini təqdim ediblər. Şirkət nümayəndələri layihəyə regionda böyük marağın olduğunu bildirib, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin layihənin icrasında iştirakı barədə danışıblar.
“Bir sıra türk dövlətlərinin ərazisindən keçən bu irimiqyaslı layihə Orta Asiya ölkələrinin internet trafikinə olan ehtiyaclarının təmin olunmasına mühüm töhfə verəcək. Layihə qlobal rəqəmsal transformasiya proseslərində Anadolu, Cənubi Qafqaz, Orta Asiya kimi regionlarda yeni imkanlar açacaq. Dünyada internet istehlakının artması, sürətli dəyişikliklər fonunda bu irimiqyaslı layihədə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin iştirakı rəqəmsal infrastruktur quruculuğu sahəsində daha geniş əməkdaşlığa, regionda telekommunikasiya sənayesinin inkişafına töhfə verəcək”, - deyə Fuad Allahverdiyev bildirib.
“Rəqəmsal İpək Yolu” layihəsi Avropa ilə Asiya arasında Azərbaycan vasitəsilə məlumat mübadiləsi ehtiyaclarını ödəyəcək regionun bütün ölkələri üçün strateji əhəmiyyətli bir layihədir. Layihə ABŞ-da “Qlobal Strateji İnfrastruktur Liderlik Forumu”nda Asiyada beş ən yaxşı strateji infrastruktur layihəsindən biri seçilib.
“NEQSOL Holding”in tərkibinə daxil olan “AzerTelecom” Azərbaycanın aparıcı rabitə operatorudur və ölkənin beynəlxalq internet şəbəkəsinə qoşulmasını təmin edir.
Türk Dövlətləri Təşkilatı türkdilli ölkələrin dövlət başçılarının 2009-cu il oktyabrın 3-də Naxçıvan şəhərində keçirilən Zirvə görüşündə imzalanmış Naxçıvan Sazişinə əsasən yaradılıb. Təşkilatın üzv dövlətləri Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistandır. Macarıstan və Türkmənistan isə müşahidəçi üzvlərdir.
“Azərkosmos” gələn il fevralda keçiriləcək “Beynəlxalq Kosmik Konvensiya 2024”də iştirak edəcək
Ölkənin informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair Strategiyası təsdiq olunub - SƏRƏNCAM
Azərbaycan “Digitalisation and Channel Awards 2023” mükafatlandırılma mərasimində təmsil olunacaq
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb