Sabail rayonunda narkotik vasitələrin satışı ilə məşğul olan dörd nəfər saxlanılıb VİDEO
Bakı, 28 oktyabr, AZƏRTAC
Səbail Rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsinin əməkdaşları Badamdar qəsəbəsi ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyat keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbir zamanı narkotik maddələrin satışını həyata keçirən dörd nəfər – Aqil Əliyev, Səkinə Məmmədova, Rza Əliyev və Yasin Fərmanoğlu tutulublar. Həmin şəxslərdən 1 kiloqrama yaxın heroin, marixuana və psixotrop maddə olan metamfetamin aşkarlanıb. Saxlanılanlar narkotikləri Səbail rayonu ərazisində satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.
Faktlarla bağlı toplanan materiallar Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Bu şəxslərin hər biri barədə məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Səbail rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin tutulmaları istiqamətində polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.
Qeyd edək ki, oktyabr ayında Səbail rayonunda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə 20 nəfər rayon polis idarəsinin əməkdaşları tərəfindən tutularaq istintaqa təqdim edilib.
Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücülər saxlanılıblar
DİN: Son 20 gündə 250 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb VİDEO
Paytaxt sakininə qarşı quldurluq edilib