×
A
A
A
Sazlamalar

Ödəmə terminalından, evdən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar

Bakı, 28 oktyabr, AZƏRTAC

Oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis bölməsi və Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 177-ci maddəsi (oğurluq) ilə axtarışda olan Vüqar Tapdıqzadə saxlanılıb. Araşdırmalarla onun Bakıxanov qəsəbəsi ərazisindəki ödəmə terminallarının birini sındırmaqla 3644 manat pul və bir evdən 1350 manat dəyərində 2 ədəd velosiped, təmir-tikinti alətləri və elektrik naqili oğurlaması da müəyyən olunub.
Yasamal Rayon Polis İdarəsi 28-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 22-nə keçən gecə Ə.Cəmil küçəsində X.Müseyibova məxsus “Tufan” markalı, oktyabrın 23-nə keçən gecə isə H.Məcidov küçəsində E.Sarılıya məxsus mopedləri oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Xancan Səmədli və Şəki şəhər sakini Məhəmməd Nəcməddinli saxlanılıblar. Araşdırmalar nəticəsində M.Nəcməddinlinin Ə.Əhmədov küçəsindən T.İbrahimova məxsus mopedi oğurlaması da müəyyən olunub.
Şəxsi axtarış zamanı onlardan metamfetamin aşkarlanaraq götürülüb.
Faktlarla bağlı araşdırma aparılır.

Hadisə 2022-10-28 10:41:00